Paşinyan: "Azərbaycan "Dağlıq Qarabağ" adlı ərazinin mövcudluğunu qəbul etməlidir"

Paşinyan:

04-08-2022 12:35 / Bu xəbər 1183 dəfə oxundu

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün, avqustun 4-də hökumətin iclasını keçirib. 

"Armenpress" xəbər verir ki, gündəliyə keçməzdən əvvəl dünən Qarabağdakı hərbi toqquşmalar zamanı ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra Paşinyan baş verənlər barədə danışıb. 

O çıxışında qeyd edib ki, Azərbaycan üç öhdəliyi yerinə yetirməlidir: "Birincisi, "Dağlıq Qarabağ" adlı ərazi vahidinin mövcudluğunu qəbul etməlidir. İkincisi, Qarabağda təmas xəttinin olmasına hörmətlə yanaşmalıdır. Üçüncüsü, Laçın dəhlizinin mövcudluğuna hörmətlə yanaşmalıdır".

O həmçinin qeyd edib ki, Qarabağda vəziyyət mürəkkəbdir, sülhməramlıların missiyasını isə dəqiqləşdirmək lazımdır: "Sülhməramlıların mövcudluğu əhalinin təhlükəsizliyinin təmin olunmasında əsas amildir".

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrinin mandatı mövzusuna toxunan Paşinyan bu mandatın tam həyata keçirilməsi üçün Ermənistan və Rusiyanın arasındakı razılaşmaların kifayət etməli olduğu qənaətindədir.

"Əgər belə deyilsə, o zaman bu mandatın beynəlxalq səviyyədə müəyyən edilməsi üçün tədbirlər görmək və ya sülhməramlılara daha geniş beynəlxalq mandat vermək lazımdır. İndi mən  işlərlə bağlı bir çox təfərrüatları açıqlamaq istəmirəm, lakin bu məsələlər 2020-ci ilin noyabrından bizi narahat edir, biz konkret həll yollarına nail olmaq üçün səylər göstəririk və indi bu səylər iki-üç dəfə artırılmalıdır”, - deyə Nikol Paşinyan bildirib.

O, çıxışında həmçinin qeyd edib ki, Bakı erməni hərbçiləri mövzusunda spekulyasiya edir, çünki Qarabağda Ermənistanın Silahlı Qüvvələri yoxdur.

Azərbaycan Ordusu avqustun 3-də Qarabağda "Qisas" əməliyyatı keçirib. 

Əməliyyat terror-təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu - əsgər Kazımov Anar Rüstəm oğlunun şəhid olmasının qisası kimi xarakterizə edilib. 

Əməliyyat zamanı dronlardan da istifadə edilib. 

Erməni tərəfi 3 hərbçisinin həlak olduğunu, çox sayda hərbçisinin yaralandığını bildirib. Yaralananlardan 4-nün vəziyyətinin ağır olduğu qeyd olunub.(toplum tv)