Paşinyan: “KTMT gəlsəydi, Ermənistan marionet dövlətə çevriləcək və dağılacaqdı”
10-04-2024 23:18 / Bu xəbər 1247 dəfə oxundu
Baş nazir Rusiya ilə münasibətlərdə səhvə yol vermədiklərini deyir
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla Tavuş vilayətinin və Qazaxın 4 kəndinin bir hissəsindən sərhədin demarkasiyası prosesinə başlanmasının əleyhinə olmadığını deyib.
Baş nazir bu barədə aprelin 10-da parlamentdə hökumətin 2023-cü il üçün 5 illik (2021-2026) proqramının icrasına dair hesabatın müzakirəsi zamanı danışıb.
Onun sözlərinə görə, demarkasiya bu ərazilərdə təhlükəsizliyi təmin etməsə də, problemin həll olunmaması təhlükəsizlik təhdidlərinin daim artmasına zəmanət verəcək: "Biz bunu neytrallaşdırmalıyıq”.
"Tarixi Ermənistan real Ermənistanın ərazi bütövlüyünü tanımır"
Paşinyan hesab edir ki, tarixi və real Ermənistan nəinki bir-birinə sığmır, hətta çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir, hətta ciddi təhlükələr yaradır.
Onun fikrincə, bu barədə debatlar 2020-ci il müharibəsindən sonra başlayıb: "Ermənistanda 44 günlük müharibədən əvvəl ictimai-siyasi konsensus var idi ki, tarixi və real Ermənistan hətta bir-birini gücləndirə bilər. Bu fikir həm hakim çoxluq, həm də şəxsən mənim üçün məqbul idi. Yalnız 2022-ci ilin sentyabrında Cermuka hücumdan sonra real Ermənistanla tarixi Ermənistan arasında delimitasiya prosesi adlandıran cari siyasi-psixoloji proses başladı və bu proses Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesindən asan deyil”.
Baş nazir onu da vurğulayıb ki, tarixi Ermənistan real Ermənistanın ərazi bütövlüyünü tanımır: "Çünki real Ermənistanın ərazi bütövlüyü tarixi Ermənistan üçün məhdudlaşdırıcı amil sayılır. Halbuki tarixi Ermənistanın yanaşması istər-istəməz real Ermənistanın suverenliyinə və ərazisinə iddia edən bir sıra ölkələrin yanaşması ilə eynidir. Bu mənada real Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü tarixi Ermənistanın sərhəd iştahını məhdudlaşdırır”.
Hökumət başçısının sözlərinə görə, 1996-cı il ATƏT-in Lissabon sammitindən sonra Qarabağ məsələsi yox idi: "Erməni məsələsi o mənada var idi ki, Qarabağın məzmununu de-yure əvvəlcədən müəyyən edən beynəlxalq arxitektura artıq hazır və dəyişməz idi. Nəticədə Ermənistan Dağlıq Qarabağla bağlı heç nə edə bilməyəcəyini təsbit etdi. Aydın oldu ki, Qarabağ Azərbaycanın bir hissəsidir. Ancaq buna rəğmən bəzi dövlətlər həmin vəziyyətdən yayınaraq, qeyri-müəyyən və boş ümidlər verərək Qarabağ məsələsindən Ermənistanın boynuna çəngəl bağlamaq və onun müstəqil dövlət kimi fəaliyyətini məhdudlaşdırmaq üçün istifadə ediblər”.
"Rusiya ilə münasibətlərdə heç bir səhvə yol verməmişik"
Nikol Paşinyan Ermənistan-Rusiya münasibətlərinin çətin dövrlərdən keçdiyini bildirib: "Lakin bu münasibətlər Ermənistanın dövlətçiliyi, iqtisadiyyatı və təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir".
Onun fikrincə, Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərdə heç bir səhvə yol verməyib: "Elə bir hekayə yoxdur ki, orada tərəfdaşlar Ermənistanı öhdəliklərini yerinə yetirməməkdə ittiham etsinlər. Amma, təəssüf ki, bunun əksini göstərən hallar da az deyil".
"Onu da qeyd etmək istəyirəm ki, biz Rusiya ilə mübahisə etmək istəmirik. Həm də ona görə ki bizim belə imkan və gücümüz yoxdur, çünki münasibətlərimizdə olan müsbət cəhətləri qiymətləndiririk”, - deyə Baş nazir əlavə edib.
Paşinyan onu da vurğulayıb ki, 2018-ci ilin mayında Rusiya Prezidenti Vladimir Putinlə ilk görüşdə suverenliyə, dövlətçiliyə və maraqlara qarşılıqlı hörmət barədə razılığa gəliblər.
O, belə bir dialoqa hazır olduğunu qeyd edib.
"KTMT Ermənistana sülməramlı kimi gəlsəydi, marionet hökumət qurulardı"
Baş nazir Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərə də toxunub.
Onun qənaətincə, 2021-ci ilin mayında Azərbaycanın Ermənistanın Sotk-Xoznavar hissəsini işğal etdikdən sonra "KTMT-nin köməyə gəlməsi” üçün hərbi əməliyyatların başlanmasını tələb edən qüvvələr olub: "Onların məntiqinə görə, təşkilatın de-yure öhdəlikləri tamamilə başqa şeydən danışsa da, KTMT hərbi əməliyyat olmadan heç nə edə bilməzdi. Onda məlum olmalı idi ki, KTMT Ermənistana müttəfiq kimi yox, sülhməramlı kimi gəlib ölkəni təhlükəsizlik təminatları sistemindən kənarda qoyur”.
"Hökumət o zaman emosiyalara təslim olsaydı, ölkədə KTMT sülhməramlıları yerləşdirilər və sonra marionet hökumət qurular, ardınca Ermənistan dövlətinin faktiki dağılması başlanardı”, – deyə o əlavə edib.
Baş nazirin sözlərinə görə, erməni xalqı hakim qüvvənin çağırışına cavab verib, azad və demokratik kimi qiymətləndirilən seçkilər keçirilib.
2021-ci il martın 18-də Nikol Paşinyan növbədənkənar seçkilərin iyunun 20-də keçiriləcəyini bəyan edib, ardınca, aprelin 25-də istefa verib.
"…Ermənistanda hakimiyyəti ələ almağa ümid edirdilər"
Baş nazir bildirib ki, "Dağlıq Qarabağ"ın keçmiş elitasının bir qrupu Ermənistanda hakimiyyəti ələ almağı ümid edirdi: "Problem ondadır ki, "Dağlıq Qarabağ" elitasının keçmiş nümayəndələri özləri bunu etməkdən imtina ediblər. Bizdə "Dağlıq Qarabağ"ın müəyyən bir qrup nümayəndəsinin çıxışı ilə bağlı məlumatlar, sübutlar var. Onlar fikirləşiblər ki, burada alınmasa, Ermənistanda hakimiyyəti ələ keçirəcəyik".
"Onlar dialoqa getmədi"
Baş nazir deyib ki, "Dağlıq Qarabağ" hakimiyyətinin Azərbaycanla danışmaq imkanı olub, lakin onlar dialoqa razı olmadılar: "Avropa platformalarında Azərbaycanla söhbətə başlamaq imkanı var idi, lakin "Dağlıq Qarabağ" buna getmədi. Dialoqu qadağan edən mən deyildim və mən bunu bacarmazdım və istəməzdim də”.
Amma hökumət başçısı Bakı ilə dialoqu konkret kimin qadağan etdiyini açıqlamayıb.
Sadəcə, deyib ki, "Dağlıq Qarabağ"dakı bəzi dairələr mövcud vəziyyətə adekvat reaksiya verə bilməyiblər.
"Qarabağda erməni qalmayıb, çünki hamımız sadə bir reallığı, yəni Qarabağdakı erməni əhalinin Azərbaycanın tərkibində öz müqəddəratını təyin etmək hüququna malik olduğunu qəbul etmədik. İki il əvvəl Qarabağın statusu məsələsində "yüksək tələb”lərin qoyulmamasının vacibliyindən danışırdıq”, – bunu da Paşinyan bildirib.
Baş nazir 2022-ci ilin oktyabrında Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımağa razılıq verdiyi Praqa sazişlərinin əldə edilməsində Fransa Prezidenti Emmanuel Makronun böyük rolu olduğunu deyib.
"Əvvəllər danışmağa heç bir əsasım yox idi, amma indi deyim ki, Fransa Prezidenti Emmanuel Makron bu razılaşmaların əldə olunmasında böyük rol oynayıb. Və bu fonda Prezident Makron və Fransaya qarşı hücumlar təəccüblü, qəbuledilməz və anlaşılmazdır”, – deyə o qeyd edib.
"Ermənistan-Türkiyə sərhədinin açılması region üçün epoxal hadisə olacaq"
Türkiyə ilə münasibətlərə gəlincə, Baş nazir hələ gözlədiklərini bildirib: "Biz əldə olunan və rəsmi şəkildə qeydə alınan razılaşmaların icrasını gözləyirik”.
Paşinyanın sözlərinə görə, Ermənistan-Türkiyə sərhədinin açılması region üçün epoxal hadisə olacaq: "Mən indi Ermənistan-Türkiyə münasibətlərindən danışıram, erməni-türk münasibətlərindən deyil. Bu iki formulun ümumi xüsusiyyətləri var, lakin onlar eyni deyil”.
O, Azərbaycanla silahlanma yarışına girmədiyini də söyləyib.