Paşinyan: “KTMT-yə bel bağlamaq olmaz”
23-04-2024 18:00 / Bu xəbər 804 dəfə oxundu
Baş nazir Ermənistanın silahlanmasını müdafiə xarakterli sayır
Ermənistanın Baş naziri Nikol Paşinyan Böyük Britaniya mətbuatına müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) narazılığını ifadə edib.
Baş nazir KTMT-ni Ermənistana laqeydlikdə ittiham edib: "Bilirsiniz, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) heç nə etməyib. Nə edibsə, təşkilat özünün bəyanatları, hərəkətləri və laqeydliyi ilə edib”.
"KTMT-yə bel bağlamaq olmaz və bu təşkilat erməni cəmiyyətinin "Belə vəziyyətdə niyə KTMT-də qalmalıyıq?” sualına cavab verə bilmir. Əgər KTMT sərhədlərimizi tanımırsa, o zaman KTMT, ümumiyyətlə, mövcud deyil, çünki Rusiyanın və məsələn, Yaponiyanın sərhədləri demarkasiya olunmayıb”, – deyə Paşinyan əlavə edib.
O, xarici ölkələrdən silahlar aldığını gizlətməyib, amma əlavə edib ki, bunlar müdafiə xarakterli silahlardır: "Döyüşə hazır ordunun olması sülh və qüvvələr balansının düzgün formalaşması üçün vacibdir. Aldığımız silahlar Azərbaycanın aldığı silahların 15-20 faizindən çoxunu təşkil etmir. Eyni zamanda, Ermənistan ordusunun islahatları və modernləşdirilməsi ilə bağlı Azərbaycanın bir sıra bəyanatlarından narahatıq. Azərbaycan və Ermənistanın hərbi büdcələrinin nisbətinə baxsanız, nəzərəçarpacaq dərəcədə disbalansın olduğunu görərsiniz. Bu balanssızlıq şəraitində belə, Azərbaycan Ermənistan silahlı qüvvələrinin islahatlarına, silah və texnikanın alınmasına çox aqressiv reaksiya verir, baxmayaraq ki, bu satınalmalar sırf müdafiə xarakteri daşıyır”.
Nikol Paşinyan Qarabağı tərk etmiş ermənilərin geri qayıtmasını da real saymayıb: "İndiki vəziyyətdə Qarabağ ermənilərinin geri qayıtmasını real saymıram”.
O həmçinin ölkəsinin Qarabağda müharibə aparmaq niyyəti olmadığını da deyib: "Ermənistanın 29 743 kvadrat kilometr ərazisindən kənarda iddiası yoxdur və Qarabağ uğrunda müharibə aparmaq niyyətində deyil”.
Paşinyan bildirib ki, Ermənistan öz ərazisindən kənarda heç bir ərazi iddiası ilə çıxış etmir: "Son 5 ayda bizim Azərbaycanla iki böyük razılaşma əldə etməyimiz olduqca mühümdür. Nəhayət, sülhdən bəhrələnən Ermənistan və Azərbaycan xalqlarıdır. Sülh gündəmini ardıcıl surətdə təşviq etmək lazımdır, çünki bu, düşmənçiliyin kökünün kəsilməsinin açarıdır”.
Hələ aprelin 10-da Ermənistanın Baş naziri demişdi ki, 2021-ci ilin mayında Azərbaycanın Ermənistanın Sotk-Xoznavar hissəsini işğal etdikdən sonra "KTMT-nin köməyə gəlməsi” üçün hərbi əməliyyatların başlanmasını tələb edən qüvvələr olub: "Hökumət o zaman emosiyalara təslim olsaydı, ölkədə KTMT sülhməramlıları yerləşdirilər və sonra marionet hökumət qurular, ardınca Ermənistan dövlətinin faktiki dağılması başlanardı”.
2022-ci ilin noyabrında Yerevanda keçirilən KTMT sammitində Baş nazir Nikol Paşinyan təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsini imzalamayıb.
Fevralın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı "dondurulub”.
Ermənistan bundan əvvəl dekabrın 19-da KTMT parlamentinin iclasında iştirakdan imtina edib.
Yanvarın 8-də Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan KTMT-dən heç bir gözləntinin olmadığını bildirib.
Bakı ilə Yerevan arasında nə baş verib?
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.