Paşinyan: "Putin dedi ki, müharibə yalnız Rusiyanın şərtləri əsasında dayana bilər"

Paşinyan:

30-11-2020 14:35 / Bu xəbər 931 dəfə oxundu

Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi əməliyyatlar zamanı Qarabağ danışıqlarının gedişi barədə dünən daha bir açıqlama ilə çıxış edib. 

O, bu haqda özünün feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, oktyabrın 19-da Arayik Arutyunyan ona zəng edib və müharibəni dayandırmağın lazım olduğunu deyib. 

Arutyunyanın sözlərinə görə, bu təklif təkcə özünün deyil, həm də qondarma rejimin "keçmiş prezidentləri” Arkadi Qukasyanın və Bako Saakyanın, eləcə də Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyanın, Robert Köçəryanın və Serj Sarksyanın da mövqeyi olub. 

Bundan sonra Paşinyan Rusiya prezidenti Putinə zəng edib. 

Putin bildirib ki, hərbi əməliyyatları Rusiyanın təklifləri əsasında dayandırmaq olar: "Qarabağın statusu məsələsinin həllini təxirə salmaq, keçmiş DQMV ətrafındakı rayonları qaytarmaq və Rusiya sülhməramlılarını yerləşdirmək". 

Paşinyanın sözlərinə görə, o zaman sülhməramlılar keçmiş DQMV-nin sərhədləri boyu və Laçın dəhlizində yerləşdiriləcəkdi.

Paşinyan bu layihəni Arayik Arutyunyana çatdırıb, o da öz razılığını bildirib. 

Bundan sonra Paşinyan parlamentdənkənar siyasi qüvvələrin iştirakı ilə müşavirə çağırıb və onlara qəbul olunan qərarı açıqlayıb. 

Toplantı iştirakçılarının çoxu bunu narazılıqla qarşılayıb, müşavirədən sonra isə bəziləri sosial şəbəkələrdə Qarabağ uğrunda ümumxalq mübarizəsinə xələl gətirənlərin satqın olduqlarını yazıblar. 

Elə həmin gün Ermənistanın baş naziri parlament fraksiyalarını iştirakı ilə Təhlükəsizlik Şurasını toplayıb. 

Yığıncaqda Ermənistan prezidenti və bütün ermənilərin katolikosu da iştirak edib. 

Paşinyan yazır: "Mən müxalifəti əmin etdim ki, onlara hansısa məsuliyyət yükləmək istəmirəm. Sadəcə, belə bir addım atmaq istədiyimi xəbər verirəm ki, xalqdan gizli nələrsə etdiyim görüntüsü yaranmasın”.

Onun sözlərinə görə, həmin vaxt publik açıqlama yaysaydı, Azərbaycan təklif olunan ssenaridən imtina edə və Ermənistanı pis vəziyyətdə qoya bilərdi. 

Buna görə də Təhlükəsizlik Şurasının iclasından sonra Putinə zəng edib və təklifi qəbul etdiyini bildirib. 

Rusiya prezidenti isə Əliyevlə danışandan sonra yenidən Paşinyana zəng edəcəyini bildirib.

Amma ertəsi gün Paşinyanla görüşən Arkadi Qukasyan və Bako Saakyan bildiriblər ki, Qarabağın statusu müəyyən olunmadan hər hansı razılaşmanın əleyhinədirlər. 

Baş nazir hesab edir ki, onlar həm də Ermənistanın keçmiş prezidentlərinin adından danışıblar: "Amma bunlar artıq önəmli deyildi, mən qərar qəbul etmişdim və işi sona çatdırmaq niyyətində idim”.

Daha sonra Putin zəng edib bildirib ki, Əliyev hərbi əməliyyatları dayandırmağa razıdır, amma sülhməramlılar keçmiş DQMV sərhədləri boyu deyil, faktiki təmas xətti boyunca yerləşdirilməlidir, nəzarət altına aldıqları Hadrut və Talışdan geri çəkilməyi qəbul etmirlər. 

Bundan əlavə, erməni tərəfi azərbaycanlıların Şuşaya qayıtmasına razılıq verməlidirlər. 

Paşinyan sonda yazır: "Bununla da atəşkəs mümkünsüz oldu, çünki dedim ki, hətta Hadrutla razılaşsam da, Şuşanın təhvil verilməsini təsəvvür etmirəm. Rusiya prezidenti mənim azərbaycanlıların qayıtmasını istəmədiyimə təəccübləndi. Mən öz arqumentlərimi səsləndirdikdə isə onların məntiqli olduğunu söylədi”. 

Paşinyan əlavə edir ki, bu halda Şuşanın əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edəcəkdi və Xankəndi yoluna kimin və necə nəzarət edəcəyi dilemması yaranacaqdı.

Paşinyan əmindir ki, əgər Şuşa ilə bağlı ssenariyə razılıq versəydi, Azərbaycan Şuşadan Qırmızı Bazara gedən yola nəzarət şərtini irəli sürəcəkdi.///toplum.tv