Paşinyan Putinlə Rusiya sərhədçilərinin çıxarılmasını müzakirə edəcək
22-04-2024 18:10 / Bu xəbər 831 dəfə oxundu
Peskov Azərbaycanı Rusiyanın böyük dostu, tərəfdaşı və müttəfiqi adlandırıb
Rusiyanın Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın qısa müddətdə görüşəcəkləri bildirilir.
Bu barədə aprelin 22-də yerli mediaya Putinin sözçüsü Dmitri Peskov danışıb.
Peskovun sözlərinə görə, ölkə liderləri müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin Ermənistanı tərk etməsini müzakirə edəcəklər: "Amma Gümrüdə yerləşən 102-ci hərbi bazanın Ermənistandan çıxarılması ilə bağlı Yerevandan heç bir siqnal yoxdur”.
"Biz gözləyirik ki, qısa müddətdə Prezident Putin və Baş nazir Paşinyan bunları, lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə etsinlər”, – deyə o qeyd edib.
Aprelin 20-də Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası və sonradan demarkasiyası aparıldıqdan sonra Rusiyanın sərhəd postları Tavuş vilayətinin sərhəd zonasından çıxarılacaq.
Ermənistan-Rusiya ikitərəfli əməkdaşlığı çərçivəsində 2021-ci ildə Tavuş vilayətində Azərbaycanla sərhəddə Rusiya sərhəd mühafizə postları yerləşdirilib.
Bu gün Azərbaycanın dövlət başçısı İlham Əliyev Rusiyaya səfər edib.
Artıq Əliyevin rusiyalı həmkarı V.Putinlə görüşü başlayıb.
Dmitri Peskov isə Azərbaycanı Rusiyanın böyük dostu, qonşusu, tərəfdaşı və müttəfiqi adlandırıb.
"Bizim çoxlu ortaq maraqlarımız var, əməkdaşlıq üçün böyük potensialımız var, ən əsası isə ikitərəfli münasibətlərimizin zəngin ənənələri var.
Bundan əlavə, Putin və Əliyev veteranlar – Baykal-Amur magistralının inşaatçıları və dəmir yolu sənayesinin işçiləri ilə görüşəcəklər”, – deyə Peskov əlavə edib.