Paşinyan: "Rusiya erməniləri hökuməti devirməyə çağırıb"

Paşinyan:

23-02-2024 15:43 / Bu xəbər 760 dəfə oxundu

"KTMT-də iştirakımızı dayandırdıq"

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı "dondurulub”.

"Kavkazski uzel” xəbər verir ki, Ermənistan bundan əvvəl dekabrın 19-da KTMT parlamentinin iclasında iştirakdan imtina edib

Yanvarın 8-də Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan KTMT-dən heç bir gözləntinin olmadığını bildirib.

"Kollektiv təhlükəsizlik sazişi, fikrimizcə, Ermənistana münasibətdə, xüsusən 2021-2022-ci illərdə yerinə yetirilmədi. Bu, bizim diqqətimizdən kənarda qala bilməz. Biz bu sazişdə iştirakımızı dayandırdıq. Görək bundan sonra nə olacaq”, – Paşinyan bildirib.

Ermənistanın Baş naziri Rusiyanın Ermənistandakı hərbi bazasının bağlana biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib ki, hazırda biz bu barədə danışmırıq.

Eyni zamanda Nikol Paşinyan Rusiya hakimiyyətinin mövqeyini tənqid edib. 

O bildirib ki, Rusiya bir neçə ay əvvəl açıq şəkildə erməni əhalisini hökuməti devirməyə çağırıb.

Kreml Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı söylədiklərinə münasibət bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Yerevan üzvlüyün dondurulması ilə bağlı rəsmi bildiriş göndərməyib.

"Ermənistan tərəfi bununla bağlı heç bir rəsmi addım atmayıb. Biz həmkarlarımızla əlaqə saxlamaq və bu bəyanatların mənasını aydınlaşdırmaq niyyətindəyik. Ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər”, - Peskov deyib.

Son vaxtlar Yerevan bəzi inteqrasiya formatlarında görüşləri buraxıb.
 
O cümlədən, Paşinyan Minskdə keçirilən KTMT sammitində iştirak etməyib.