Paşinyan: "Rusiyanın bizə satdığı qırıcıların sursatı yox idi"

Paşinyan:

21-03-2021 12:34 / Bu xəbər 1487 dəfə oxundu

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İkinci Qarabağ müharibəsindən əvvəl Rusiyadan alınmış "Su-30CM” qırıcı təyyarələri döyüş sursatına malik olmayıb.

Bu barədə Ermənistanın "Aysor.am” saytı xəbər verir.

Bildirilir ki, baş nazir bununla keçmiş baş hərbi müfəttiş, general-polkovnik Movses Akopyanın Ermənistan Rusiyadan döyüş sursatları olmayan "Su-30SM” təyyarələri alması barədə açıqlamasını təsdiqləyib.

"Bizi ittiham edirlər, soruşurlar ki, niyə təyyarələr aldıq? Bəli, biz təyyarələri aldıq, bəli, müharibəyə qədər raketləri almağa müvəffəq olmadıq. Yaxşı, təyyarələri siz (əvvəlki hakimiyyət-red) alardınız və biz də raketləri alardıq", - Paşinyan belə deyib.

İkinci Qarabağ müharibəsindən sonra istefaya gedən Movses Akopyan hələ 2020-ci il 19 noyabrda keçirilən mətbuat konfransında bildirib ki, Paşinyan silahlanma planını dəyişdirib.

"Su-30SM" qırıcı təyyarələri aldılar. "Su" təyyarələri bizə lazım deyildi. Bu təyyarələr burada sursatlarsız qalıb. Rusiya hökumətinin qərarına əsasən, həmin qırıcıların döyüş sursatlarının ikinci ölkəyə satışı qadağandır", - Akopyan belə deyib.

Lakin elə həmin gün Ermənistanın Müdafiə Nazirliyi təkziblə çıxış edib. Nazirlik iddia edib ki, Akopyanın bəyanatları nəinki həqiqətəuyğun deyil, həm də dövlət sirridir. 

Nazirlik "Su-30SM” təyyarələrinin döyüş sursatlarına malik olmaması barədə iddiaları yalan adlandırıb.

Amma Nikol Paşinyanın dünənki açıqlaması generalın haqlı olduğunu üzə çıxarıb("Report").