Paşinyan: “Sülhməramlıların mandatının 20 il uzadılması ilə bağlı sənədi imzalamağa hazıram”

Paşinyan: “Sülhməramlıların mandatının 20 il uzadılması ilə bağlı sənədi imzalamağa hazıram”

29-10-2022 17:41 / Bu xəbər 694 dəfə oxundu

Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə keçiriləcək üçtərəfli görüşdə Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 10-20 il müddətinə qədər uzadılmasına dair sənədi imzalamağa hazırdır.

Bu barədə Nikol Paşinyan oktyabrın 29-da Mülki Müqavilə Partiyasının qurultayında bildirib.

"Biz Rusiya sülhməramlılarının öz missiyasını davam etdirməsini istəyirik. Mən Soçidə sülhməramlıların mandatının 10, 15 və ya 20 il uzadılması ilə bağlı sənəd imzalamağa hazıram. Rusiya prezidentinin belə bir təşəbbüslə çıxış etməsini təklif edirəm. Mən bu təklifi verə bilərəm, amma Rusiya tərəfi onu dəstəkləməlidir”, – Paşinyan belə deyib.

Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının mandatını 10-20 il uzatmağa hazır olduğu haqda açıqlamasına konkret cavab verməyib.

Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Gərək, görüşün özünü gözləyək”,-deyə söyləyib. Azərbaycan rəsmiləri N.Paşinyanın çıxışına hələ reaksiya verməyib.

Oktyabrın 31-də Soçidə Rusiya dövlət başçısı Vladimir Putinin Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü gözlənilir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Bu döyüşlərdə hər iki tərəfdən birgə 6 mindən artıq insan həlak olub.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.