Paşinyan sülhməramlılarla bağlı təklifinin qəbul olunmadığını bildirib

Paşinyan sülhməramlılarla bağlı təklifinin qəbul olunmadığını bildirib

03-11-2022 14:12 / Bu xəbər 840 dəfə oxundu

"Kontingentin mandatını uzatmaqla bağlı qərar sülh sazişinin imzalanmasından, sərhədlərin delimitasiyasından asılıdır”

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı Rusiya sülhməramlılarının missiyasını uzatmağı təkif edib.

Bu, oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüşdə təklif edilib. 

Noyabrın 2-də Ermənistan parlamentindəki 2023-cü ilin büdcə müzakirələrində Baş nazir Nikol Paşinyan bu barədə yenidən danışıb.

"Azatutyun” yazır ki, Baş nazir sülhməramlıların missiyasını 20, 15, 5 il müddətinə uzatmağı təklif etdiyini açıqlayıb.

Paşinyanın sözlərinə görə, bu təklif qəbul olunmayıb: "Məncə, məsələ gündəliyə salınıb”.

Baş nazir həmçinin qeyd edib ki, kontingentin mandatını uzatmaqla bağlı qərar digər məsələlərdən – sülh sazişinin imzalanmasından, sərhədlərin delimitasiyasından asılıdır:

"Bu məsələlər həllini tapsa, onda sülhməramlılar məsələsi də başqa cür həllini tapacaq. Ancaq olmasa, yaxud müəyyən həcmdə həll edilsə, sülhməramlı kontingentimizin taleyi də bundan asılı olacaq”.

Nikol Paşinyan oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyevlə Soçi görüşünün yekunlarına dair birgə bəyanata imza atıb. 

Bəyanatda tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşmasına, Cənubi Qafqazda sülhə, sabitliyə, təhlükəsizliyə sadiqliklərini bildiriblər. 

Tərəflər güc tətbiqindən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə razılaşıblar.