Paşinyanı ölümlə hədələyən müxalifət lideri həbs edildi
29-01-2021 16:36 / Bu xəbər 896 dəfə oxundu
Ermənistanın baş naziri Nikol Paşinyanı ölümlə hədələyən keçmiş hüquqşünas və Birləşmiş Ermənistan Partiyasının sədri Vahan Badasyan saxlanılıb.
Bu barədə yanvarın 29-da "Armenpress.am" məlumat yayıb.
Birinci və İkinci Qarabağ Müharibəsinin iştirakçısı olmuş Badasyanın Milli Təhlükəsizlik Xidmətinə (MTX) aparıldığı bildirilir.
Məlumata görə, Badasyanın həbsinə onun yanvarın 28-də Nikol Paşinyanın fiziki məhvinə çağırış etməsi səbəb olub.
"Onun [Nikol Paşinyanın-red] aradan götürülməsi üçün fiziki məhvindən tutmuş, müxtəlif yollar var. Bu o deməkdir ki, biz düşməni aradan götürməliyik, lazım gələrsə, hətta silahla", - Badasyan açıqlamasında bildirib.
Ermənistan hakimiyyət orqanları bu bəyanatın Paşinyana qarşı ölüm təhdidi mənasına gəldiyi qənaətinə gəlib və elə həmin gün MTX partiya sədrini həbs edib.
Badasyanın həbs olunması faktını baş prokurorun müşaviri Qor Abramyan təsdiqləyib.












