Paşinyanın Tavuş görüşü: “Siz elə bilirsiniz ki, mənim qürurum yoxdur?”
18-04-2024 14:35 / Bu xəbər 1114 dəfə oxundu
"İstəyirəm ki, Ermənistan müstəqil ölkə olsun”
Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 17-də Tavuş vilayətinin sərhəd yaşayış məntəqələrinin sakinləri ilə görüşünün detalları məlum olub.
Etmənistan mediasının yaydığı məlumata görə, Baş nazir sakinlərə deyib ki, Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasından imtinası Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq.
Nikol Paşinyan onu da deyib ki, bu addımlar atılmasa, bölgədə növbəti partlayış olacaq: "Qanun var, xətt var, gedib bu xəttdə dayanacağıq. Bu xətt üzərində dayansaq, bugünkündən 100 dəfə güclü olacağıq. Söhbət qarşılıqlı güzəştlərdən getmir, söhbət Ermənistan Respublikasını bir dövlət kimi 100 dəfə gücləndirməkdən gedir”.
"Bütün bunlara görə mənim ailəm, yoldaşım, uşaqlarım, hətta babalarım haqda nələr demirlər…”
Onun sözlərinə görə, son 30 il ərzində regionda qanunsuzluq şəraitində yaşayıblar və buna son qoymağın, qanunun aliliyini bərqərar etməyin vaxtı çatıb: "Hesab edirəm, biz deməməliyik ki, "ay Azərbaycan 50 metr uzaqdadır” və ya "yox, Azərbaycan 50 metr yaxındadır”. Biz qorxmamalıyıq və orada ticarət etməli, iqtisadiyyat qurmalıyıq. İndi mənə deyə bilərsiniz ki, bunun baş verəcəyinə 100 faiz zəmanət verilirmi? Deyəcəyəm ki, 100 faiz zəmanət vermirəm, amma bilirəm ki, addım-addım atmaqla biz 90 faiz və ya daha çox nəticə əldə edəcəyik”.
O, Türkiyə ilə sərhəddəki vəziyyətdən nümunə gətirib: "Baxın, Armavir rayonunun Marqara kəndində erməni evlərindən 50 metr aralıda türk əsgərləri dayanır. Məqsədimiz eyni vəziyyəti Tavuşda da yaratmaqdır. İstəyimiz və gözləntimiz bu vəziyyətdə birləşmək, hər şeyi anlayaraq addım-addım irəliləməkdir. Bədbinliyiniz əsassızdır deyə bilmərəm, bugünkü vəziyyət heç də nikbinliyə əsas vermir. Amma biz nikbinlik yaratmaq üçün mütləq irəli getməliyik”.
"Bütün bunlara görə mənim ailəm, yoldaşım, uşaqlarım, hətta babalarım haqda nələr demirlər. Siz elə bilirsiniz ki, mənim qürurum yoxdur? Ya cavab verə bilmərəm? Mən sadəcə başa düşürəm ki, bəzən elə məqam gəlir ki, sən bir çox şeyi ölkən, vətənin uğrunda qurban verməlisən: uşaqlarının psixoloji vəziyyətini, ailə dincliyini, valideynlərinin əziz xatirəsini. Amma bilməlisən ki, sən bütün bunları nəyin uğrunda qurban verirsən. Mən bilirəm niyə belə edirəm. Ona görə edirəm ki, Ermənistan Respublikası müstəqil ölkə olsun”, – deyə Paşinyan fikrini tamamlayıb.
İndiyə qədər sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı hansı addımlar atılıb?
Bundan əvvəl də, martın 18-də Nikol Paşinyan Tavuşun kənd sakinləri ilə görüşüb.
O söz verib ki, bütün narahatlıqlar nəzərə alınacaq, danışıqlar yekun deyil, qərar olarsa, yenidən onlarla görüşəcək.
Martın 9-da Azərbaycanın Ermənistandan işğal altındakı 4 kəndinin azad olunmasını tələb etdiyi açıqlanıb.
Bu barədə yerli mediaya Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən bildirilib.
Qeyd olunub ki, dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib: "Hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır. Son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın "işğalı altında” olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır”.
"Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir. Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi vacib bilir ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların "işğal edildiyini” bəyan etmək tamamilə əsassızdır”, – deyə məlumatda qeyd olunur.
Martın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sərhəd kəndlərinin sakinləri ilə görüşündə Yerevanın Bakıya güzəştə getməsindən danışıb.
O bildirib ki, sovet dövründən qalma sərhəd kəndləri-eksklavlar məsələsində Bakıya güzəştə getməsə, o zaman gələn həftənin sonunda müharibə başlaya bilər:
"İndi biz buradan gedə bilərik, gedək və Azərbaycana deyək ki, yox, biz heç nə etməyəcəyik. Bu o deməkdir ki, həftənin sonunda müharibə başlayacaq”.
"Mən bu müharibənin sonunda nə baş verəcəyini bilirəm”, – deyə Paşinyan əlavə edib.
Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin praktik mərhələsi…
Ermənistan mediası yazır ki, Baş nazir Paşinyan bu inamla bir ay əvvəl Voskepar və Kirantsla həmsərhəd olan Tavuşa gedib və sakinlərə sərhədin demarkasiyasının təfərrüatlarını izah edib.
O, Ermənistanın real sərhədlərini təsvir edərək sərhədlərin demarkasiyası başa çatdıqdan sonra Azərbaycan mövqelərinin öz evlərinə daha yaxın olacağını qəbul edib.
"Biz görürük ki, biz Baqanisdən Berkaberə qədər bu hissədə demarkasiya və demarkasiya prosesinə başlamaq üçün real fürsəti reallaşdıra bilərik”, – Paşinyan bildirib.
Bu ərəfədə Bakı 90-cı illərdən ermənilərin nəzarətində olan 4 kəndin dərhal geri qaytarılmasını tələb edib: Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı.
Bu açıqlamadan iki gün əvvəl Ermənistan və Azərbaycan komissiyalarının demarkasiya və demarkasiya məsələsi üzrə birgə iclası olub.
Ermənistan lideri Tavuşa getməzdən əvvəl mətbuat konfransında bildirib ki, həmin kəndlər heç vaxt Ermənistanın ərazisi olmayıb və de-yure Azərbaycan əraziləridir.
Praktiki mərhələyə gəlincə, Paşinyan aprelin əvvəlində "Azatutyan”a verdiyi müsahibədə deyib ki, demarkasiyanın konkret hansı məkanda başlaması ilə bağlı qərar yoxdur.
"Heç bir qərar yoxdur, biz razılığa gəlməmişik ki, prosesə bu nöqtədən, bu şəkildə, bu hissədən başlayaq, amma sabah razılığa gələ bilərik”, – deyə Baş nazir bildirib.
Bakı ilə Yerevan arasında nə baş verib?
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.