“Pegasus” proqramı ilə bağlı çağırış: siyahıda Azərbaycan da var

“Pegasus” proqramı ilə bağlı çağırış: siyahıda Azərbaycan da var

13-10-2023 17:21 / Bu xəbər 1189 dəfə oxundu

Avropa Şurasının Venesiya Komissiyası bəzi ölkələrin "Pegasus” casus proqramından sui-istifadə etdiyini düşünür. 

Komissiya Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə izləmə qanunvericiliyini dəyərləndirməyə çağırır.

Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) "”Pegasus”, digər casus proqramları və dövlətin gizli nəzarəti” adlı hesabat qəbul olunub. 

Hesabatda qeyd edilir ki, iki il öncə jurnalist araşdırması nəticəsində bəzi dövlətlərin "Pegasus” casus proqramı vasitəsilə hüquq müdafiəçiləri, siyasi rəqiblər, hüquqşünaslar, diplomatlar, dövlət başçıları və 200-ə yaxın jurnalisti izlədiyi məlum olub. 

Venesiya Komissiyası bildirir ki, proqramdan istifadə etməsi ilə bağlı ciddi sübutlar olan ölkələrin içində Avropa Şurası üzvləri olan Azərbaycan və Macarıstan da var: "Sonradan aparılan araşdırma və hazırlanan hesabatlar Avropa Şurasına üzv olan bir neçə dövlətin hökumətlərinin öz vətəndaşlarını məqsədli izləmək üçün "Pegasus”dan istifadə etdiklərini ortaya çıxarıb”. 

""Pegasus”un Belçika, Almaniya (dəyişdirilmiş versiyada), Macarıstan, Lüksemburq, Hollandiya, Polşa və İspaniya da daxil olmaqla ən azı 14 Avropa Birliyi ölkəsinə satıldığı məlumdur. Azərbaycanın da bundan istifadə etdiyinə dair güclü sübutlar var. Xüsusən də Ermənistanla münaqişə zamanı”, – açıqlamada bildirilir.

Parlament Assambleyası qeyd edir ki, "Pegasus” istifadəçiyə hədəflənmiş mobil telefondakı bütün sensorlara, məlumatlara tam və məhdudiyyətsiz giriş imkanı verən casus proqramıdır. 

Bu isə şəxsi həyata hörmət hüququnun, Avropa İnsan Hüquqları Konvensiyasının təmin etdiyi digər hüquqların pozulması deməkdir: "”Pegasus”dan qanunsuz məqsədlərlə istifadə etmiş dövlətlər AŞPA-nı və Venesiya Komissiyasını bu haqda bilgiləndirməli, effektiv araşdırma aparmalı, qurbanlara kompensasiya ödəməlidir”. 

""Pegasus”dan son çarə kimi istifadə edilməlidir”, – açıqlamada deyilir.  

Assambleya hesab edir ki, "Pegasus” tipli casus proqramlardan istifadə milli təhlükəsizliyə həqiqi və ciddi təhdid təşkil edən konkret aktın qarşısını almaq və ya araşdırmaq üçün son tədbir kimi istifadə edilə bilər. 

Qalan hallarda istifadəsi məhdudlaşdırılmalıdır: "Jurnalistlərin hədəfə alınması onların mənbələrinin məxfiliyinə və öz növbəsində, məlumat yaymaq azadlığına təsirdir. Vəkil-müştəri ünsiyyətinin hədəflənməsi müdafiə hüquqlarının həyata keçirilməsini və qanunun aliliyinin əsas prinsipi olan Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququnu pozur”.

3 ay müddətinə…

Sənəddə bildirilir ki, Azərbaycan Assambleyaya və Venesiya Komissiyasına "Pegasus” və analoji casus proqram təminatının istifadəsi barədə üç ay müddətində məlumat verməlidir. 

Eyni zamandan, casus proqram təminatından sui-istifadə ilə bağlı bütün təsdiqlənmiş və iddia edilən hallar üzrə effektiv, müstəqil və operativ araşdırmalar aparmalı, qanunsuz müşahidə hallarında hədəflənmiş qurbanlara kifayət qədər kompensasiya ödəməlidir.

Nə baş verib?

2021-ci il iyulun 18-də Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) dərc etdiyi araşdırmada bildirilirdi ki, Azərbaycan hökuməti jurnalistlərə, siyasətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı İsrailin kiber-izləmə qurğularını istehsal edən "NSO Group” şirkətinin casus proqramından istifadə edib. 

Sızdırlan şübhəli hədəflər siyahısında 200-dən çox şəxsin adı hallanırdı. 

Müharibə zamanı istifadə

Eyni zamanda, Azərbaycanın Ermənistanla münaqişə dövründə də "Pegasus”dan istifadə etdiyi bildirilir. 

Qeyd edilir ki, Ermənistanda işləyən 12 şəxsə, o cümlədən bir hökumət rəsmisinə qarşı istifadə edilib. Bu ilin mayında yayılmış məlumata görə, aralarında jurnalistlər, hüquq müdafiəçiləri və rəsmilərin də olduğu azı 13 Ermənistan vətəndaşı 2020-2022-ci illərdə "NSO Group”un "Pegasus” casus proqramı ilə izlənib.

Azərbaycan hakimiyyəti bu günədək iddiaları cavablandırmayıb. AŞPA sonda üzv ölkələrin casus proqramından istifadəsini birmənalı doğru hesab etmədiyini qeyd edib. 

Assambleya Venesiya Komissiyasından xahiş edir ki, üzv ölkələrin hədəfli izləmə qanunvericiliyi və praktikasını dəyərləndirsin. 

Prioritet ölkələr sırasında Polşa, Macarıstan, Yunanıstan və Azərbaycan var.(Meydan TV)