Pekov: "Qarabağda beynəlxalq missiya yalnız Bakının razılığı ilə mümkündür"

Pekov:

26-09-2023 16:46 / Bu xəbər 1039 dəfə oxundu

"Qarabağda istənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər".

Bunu sentyabrın 26-da Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.  

Xəbəri TASS yayıb. 

Peskov bu barədə ABŞ Dövlət Departamentinin Qarabağ bölgəsində beynəlxalq müşahidə missiyası yaratmaq təklifinə cavabında bildirib: "Biz burada konkretlik görmürük, istənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Biz Yerevan və Bakı ilə, eləcə də Qarabağın etnik erməniləri ilə əlaqələrimizi davam etdirəcəyik”.

Dövlət Departamentinin sözçüsü Metyu Miller ötən gün açıqlamasında bildirmişdi ki, ABŞ Dağlıq Qarabağ üzrə beynəlxalq missiya yaratmaq niyyətindədir. 

Həmçinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer də sentyabrın 25-i Yerevana rəsmi səfəri zamanı Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirmədiyini qiymətləndirmək üçün Dağlıq Qarabağda beynəlxalq missiyanın zəruri olduğunu demişdi. 

"Biz Azərbaycanı atəşkəs rejiminə riayət etməyə və Dağlıq Qarabağda mülki şəxslərin hüquqlarını qorumaq üçün konkret addımlar atmağa çağırırıq. Prezident Əliyev etnik ermənilərin hüquqlarına zəmanət verib, Azərbaycan bu vədi yerinə yetirməlidir”, - Pauer mətbuat konfransında bildirmişdi.