Pənah Hüseyn: Prezidentin ittihamları böhtandır

Pənah Hüseyn: Prezidentin ittihamları böhtandır

26-11-2019 15:39 / Bu xəbər 975 dəfə oxundu

"Hər kəs sözünün qədrini bilməli və tutduğu vəzifəyə uyğun danışmalıdır”

Noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə iştirak edən Prezident İlham Əliyev 1992-1993-cü illərdə hakimiyyətdə olan AXC hakimiyyəti haqqında sərt ittihamlar səsləndirib.

Dövlət başçısı deyib ki, Azərbaycanın ən ağır günlərində xəzinəsi boş idi: "Xalq Cəbhəsi-Müsavat cütlüyü talamışdı, Ləl-Cəvahirat Fondunu talamışdılar. İnsanlar ən ağır günlərdə qızıl əşyalarını aparırdılar ki, ordumuza kömək etsinlər. O vaxt Prezident, dövlət katibi, Baş Nazir o Ləl-Cəvahirat Fondunu talan etmişdilər, izi-tozu da qalmamışdı”.

Həmin dövrdə Baş nazir olan Pənah Hüseyn Prezidentin ittihamları ilə əlaqədar Meydan TV-nin sorğusuna cavab verib.

Pənah Hüseyn bildirib ki, prezidentin birinci cümləsindən sonuncu cümləsinə qədər tamamilə böhtandır.

Pənah Hüseyn xatırladıb ki, Ləl-Cəvahirat Fondu Prezident Elçibəyin fərmanı ilə yaradılıb: "Fondda 4 ton qiymətli metal və daş-qaş toplanmışdı, fondun ümumi dəyəri 100 milyon dollara yaxın idi. Fondda toplanmış qızıl və başqa qiymətli metallar sonuncu qramına qədər sədr İsfəndiyar İsgəndərov tərəfindən Heydər Əliyev hakimiyyətə gələndən sonra təhvil verilib. Ardınca 2 il ərazində Dövlət Əyyar Palatası, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri fondda yoxlama aparılıb, nəinki çatışmazlıq, əksinə, mənbəyi konkret məlum olmayan külli miqdarda toplanan qiymətli metal aşkar edilib. 1998-ci ildə isə Ləl-Cəvahirat Fondu ləğv edilib”.

Sabiq Baş nazirin sözlərinə görə, o, Milli Məclisdə deputat olanda fondda toplanan qiymətli metalların taleyi ilə məsələ qaldırıb və müvafiq qurumlara sorğu göndərib:

"Onda spikerin birinci müavini Ziyafət Əsgərov sevinclə bildiridi ki, Azərbaycanda 2004-cü ildə Qiymətli Metallar Fondu yaranıb, orda 200 kiloqram qızıl var. Mən AXC hakimiyyəti devriləndə Ləl-Cəvahirat Fondunda 4 ton qızıl olduğunu xatırlatdım və onun hara getdiyini soruşdum. Ziyafət Əsgərov mənin bu sualıma "siz həbs oluna bilərsiniz” cavabını verdi”.

Pənah Hüseyn hesab edir ki,1998-ci ildə ləğv olunan Ləl-Cəvahirat Fonduna toplanmış yalnız qiymətli metallar deyil, antik əhəmiyyətə malik sikkələrin, məlumatların hara sərf edildiyinə aydınlıq gətirilməlidir:

Pənah Hüseyn
Mənbə: Foto: Meydan tv

"Fondun ləğvi haqqında sərəncamdan sonra ora toplanan metalların əridildiyi haqqında mətbuatda informasiyalar yayılmışdı. Bir məqamı xatırladım, biz hakimiyyətə gələndə ölkənin valyuta ehtiyatı 800 min dollar civarındaydı, hər hansı qiymətli metal yox idi. Milli Məclis Əbülfəz Elçibəyi prezident səlahiyyətlərindən məhrum edəndə yalnız Stabilləşdirmə Fondunda 150 milyon dollar pul var idi. Bu vəsaitin taleyi haqqında dövlət müşaviri Vahid Axundova sual veriləndə, o cavab vermişdi ki, pul yığılır ki, xərclənsin”.

Pənah Hüseyn təəssüfləndi ki, son vaxtlar dövlət başçısının bu cür böhtan xarakterli çıxışları qəribə hal alıb:

"Bütün hallarda AXC hakimiyyəti barədə deyilənlərin bir izahı olmalıdır. Hər halda toxunulmazlıq hüququndan istifadə olunaraq bu cür həqiqətə uyğun olmayan məlumatların dövlət başçısı tərəfindən yayılması ona yaraşan hərəkət deyil. Hər kəs sözünün qədrini bilməli və tutduğu vəzifəyə uyğun danışmalıdır. Bu, artıq Azərbaycan siyasi səhnəsində müəyyən personajların səviyyəsinə enməkdir”.

Meydan tv