Pənçşirdəki müqaviməti Varşava üsyanı ilə müqayisə etmək olar

Pənçşirdəki müqaviməti Varşava üsyanı ilə müqayisə etmək olar

06-09-2021 13:09 / Bu xəbər 2767 dəfə oxundu

Anar Məmmədli

Hazırda Pənçşirdə davam edən silahlı müqaviməti 1944-cü ilin avqustunda Faşist Almaniyasına qarşı Varşava üsyanı ilə müqayisə etmək olar. Kənardan cüzi dəstək alan polyaklar 60 gün faşistlərə qarşı döyüşdü. Sovet qoşunları isə Varşavanın yaxınlığında yerləşərək, üsyançılara lazımi dəstəyi vermədi, əksinə məğlubiyyəti seyr etdilər. 

İndi Pənçşirin giriş-çıxış yolları bağlıdır. Mobil rabitə, internet və elektrik kəsilib. Kiçik modul stansiyalar vasitəsilə elektrik ehtiyacı cüzi şəkildə təmin edilir. Hospital və klinikalar atəşə tutulur. 

Dünənədək quru yolla vadiyə girməyi bacarmayan Taliban artıq Pakistanın dəstəyi ilə dron və hərbi vertolyotlardan istifadə edir. Bəzi mənbələr pakistanlı hərbi-desant qrupunun da dağ relyefində taliblərin yetərsiz olduğu üçün döyüşdüyünü yazır. 

Bu gecə vilayətin mərkəzi şəhəri Bazarakda bəzi kordinatlar havadan zərbələrə məruz qalıb. Nəticədə Müqavimət Cəbhəsinin bir qərargahı, o cümlədən vitse prezident Amirulla Salehin qaldığı ev dağıdılıb. Salehin sağ olduğu deyilir. Amma bir general və sözçü Fahim Dəşti həlak olub. 

Ziddiyyətli xəbərlərdən belə anlaşılır ki, Taliban havalar soyuyanadək Pənçşiri ələ keçirmək istəyir, çünki yağışlar başlasa, Hind-Kuş dağları ətəklərində döyüşlər çətin olacaq. 

Maraqlıdır ki, qonşu dövlətlər, ABŞ və bəzi Qərb dövlətləri Milli Müqavimət Cəbhəsini dəstəkləmək istəmir. Məsələn, Dostum, Xalid Nur və Akta Məhəmməd kimi özbək, hazara və tacik hərbi komandirlər Pənçirə dəstək vermək istəsələr də, Türkiyə və İranın bu qüvvələrə mane olduğu deyilir. 

ABŞ və Qərb üçün durum daha ağırdır. Belə görünür ki, Qəni hökuməti və ordunun belə asanlıqla çökəcəyi, Kabulun isə qısamüddətə işğal ediləcəyini gözləmədiklərindən hələ şokdan çıxmayıblar. 

Yalnız Pentaqon rəsmisi bu gün bildirdi ki, Əfqanıstanda yaxın vaxtlarda vətəndaş müharibəsi gözlənilir. Vaşinqton ümid edir ki, Talibanla İŞİD-Xorasan əmirliyi arasında münaqişə başlayacaq. Amma Pənçşirdə öz qanunlarını qurmaq istəyən Talibana da təzyiq edən yoxdur. Əslində Taliban ora girərsə, bütün narazılara "dərs" olsun deyə qətliam törədə bilərlər.  Bu cür faciəli durum Bayden administrasiyası üçün qara ləkə sayılacaq. 

Pakistan isə əsasən paştunlardan ibarət olan Talibanı bölgədə özünə real müttəfiq sayır. Xatırladım ki, paştunlar Pakistanda ikinci etnik qrupu (təxminən 15 %) təşkil edir. 

Dünən Pakistan Kəşviyyat İdarəsinin (İSİ) direktoru qısamüddətli səfər üçün Kabula gəlib və Taliban rəsmiləri ilə görüşüb. Əksər hesabatlarda İSİ-ın adı Talibana kəşviyyat məlumatlarını ötürən qurum kimi keçir. 

Vaxtilə ABŞ hərbçiləri Üsəma Bin Ladeni məhv edərkən, bunu İSİ-dan gizli saxlamaqla bu quruma etibar etmədiklərini nümayiş etdimişdilər. Pakistanın Pənçşir uğrunda Talibana hərbi-kəşviyyat, sabotaj və aviasiya dəstəyi davam edərsə, bu vilayətin işğal olunmaması artıq möcüzə olacaq.