Penitensiar Xidmət: məhkum qadınların istismarı, məhbusun adına rəsmiləşdirilərək Kürdəxanı təcridxanasının tenderini qazanan şirkət

Penitensiar Xidmət: məhkum qadınların istismarı, məhbusun adına rəsmiləşdirilərək Kürdəxanı təcridxanasının tenderini qazanan şirkət

15-06-2024 23:54 / Bu xəbər 1930 dəfə oxundu

Məhbus qadın: "Bizə şirniyyat bişirtdirib, "Azcake” mağazalarında satışa çıxarırlar”

Kürdəxanı təcridxanasının tenderini qazanan şirkət

Ötən ilin iyulunda Penitensiar Xidmətin rəhbərliyinə Mirsaleh Seyidovun gətirilməsi bu sistemdə neqativ halların azalacağı ilə bağlı ümidlər yaratmışdı.

O, bu postda Ceyhun Həsənovu əvəz edirdi. Həmin vaxt mətbuat yazırdı ki, Mirsaleh Seyidov Ceyhun Həsənova nisbətən daha imkanlı ailədən gəlir, onun sərvət toplamaq kimi qayğıları olmayacaq və o, bu vəzifəyə öz potensialı ilə gəlib.

Ancaq sonrakı müddətdə ölkənin cəzaçəkmə müəssisələrindən narazılıqlar artmağa başladı. Bu müəssisələrdə insan hüquq və azadlıqlarının vəziyyətinin pisləşdiyinə dair şikayətlər davam etdi.

Bakının 4 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) saxlanılan məhkum Aytən Hüseynovanın (ad-soyad şərtidir) "Abzas Media”ya bildirdiyinə görə, müəssisədə ciddi əmək istismarı halları var.

Onun sözlərinə görə, həm Penitensiar Xidmətdə, həm də sistemdən kənarda məhkum qadınların əməyinin istismarından qazananlar var.

"Bizə şirniyyat bişirtdirib, "Azcake” mağazalarında satışa çıxarırlar. Bu işi hansısa müqavilə əsasında görmürük və buna görə əməkhaqqı almırıq”, - deyə o bildirib.

İqtisadiyyat Nazirliyinin rəsmi məlumatlarından aydın olur ki, "Azcake” MMC 2015-ci ildə təsis edilib. Onun hüquqi təmsilçisi Bağırov Faiq Qasımxan oğludur.

Faiq Bağırov, "Azcake” MMC-nin hüquqi təmsilçisi

Faiq Bağırov Azərbaycanın böyük şirkətlərindən biri olan "ANC Group” MMC-nin funksioneri Nahid Bağırovun qardaşıdır.

"Azcake”in "Instagram" hesabından aydın olur ki, onların əsas tərəfdaşı "ANC Group” MMC-nin nəzdində olan "Rahat” marketlər şəbəkəsidir. Yəni məhkum qadınların əməyinin istismar edilməsilə əldə olunan məhsullar "Azcake”ə, ordan isə "Rahat” marketlər şəbəkəsinə gətirilərək satılır.

Nahid Bağırov, "ANC Group” MMC-nin funksioneri

Bununla birlikdə, "Azcake”in Instagram hesabından o da aydın olur ki, "Grandmart”, "Bolmart”, "Megastore”, "Bizim Market”, "Elmar” marketlər şəbəkələri də bu mağazanın əsas sifarişçiləridir.

"Azcake”in Instagram hesabından ekran görüntüsü

"Abzas Media”nın əldə etdiyi məlumata görə, məhkum qadınların əməyinin istismarı halları ilə bağlı 4 saylı CÇM-də heç bir yoxlanış aparılmayıb və heç kim məsuliyyətə cəlb olunmayıb.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə, Penitenisiar Xidmətə, "ANC Group” MMC-yə və "Rahat” marketlər şəbəkəsinə sorğu ilə müraciət etsək də, suallarımız cavablandırılmadı.

Mirsaleh Seyidovun yaxın adamı Elnur İsmayılov və çevrəsi

Elnur İsmayılov 1 saylı Bakı İstintaq Təcridxanasının rəisidir. 

O, 2017-ci ildən bu postu tutur.

Açıq məlumatlardan aydın olur ki, onun atası Nazim İsmayılov da illər əvvəl penitensiar sistemdə yüksək vəzifə tutub. Eyni zamanda, qayınatası Məmmədəli Zeynalov müxtəlif CÇM-lərin rəisi olub.

Mirsaleh Seyidovun penitensiar sistemdə yüksəlməsilə bərabər, Elnur İsmayılov da pillə-pillə irəliləyib və hazırda Bakı İstintaq Təcridxanasının rəhbəridir.

Ancaq Bakı İstintaq Təcridxanası ilə bağlı rəsmi sənədləri yoxlayanda şübhə doğuran məqamlar üzə çıxır. Belə ki, 2021-ci ilin iyununda Penitensiar Xidmət və "Manti LM Group” MMC dəyəri 46 min manatdan çox olan satınalma müqaviləsi imzalayıb. 

Müqavilədə göstərilib ki, şirkət 1 saylı Bakı İstintaq Təcridxanasında və 11 saylı CÇM-də abadlaşdırma işləri aparacaq.

Oğurluğa görə həbsdən 6 ay sonra Penitensiar Xidmət tenderlərində qələbə

Dövlət Vergi Xidmətinin məlumatlarından aydın olur ki, nizamnamə kapitalı 2 manat olan "Mantı LM Group” MMC 27 yanvar 2021-ci ildə qeydiyyata alınıb. 

Şirkətin qanuni təmsilçisi isə İrşad Rzaquliyevdir.

Daxili İşlər Nazirliyinin (DİN) rəsmi məlumatlarında qeyd olunur ki, İrşad Rzaquliyev 2020-ci ilin sentyabrında avtomobil oğurluğuna görə həbs edilib. 

Rzaquliyev ifadəsində bildirib ki, o, oğurluğu narkotik almaq üçün edib. 

Onun barəsində həbs qətimkan tədbiri seçilib.

İrşad Rzaquliyev

Hadisədən 6 ay sonra bu şəxsin bir neçə şirkətə necə sahib olması və Penitensiar Xidmət müəssisələrində hansı imkanlarla tender qazanması isə sual altındadır.

Rəsmi dövlət sənədlərindən aydın olur ki, Elnur İsmayılov AZ1010, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, ev 90, mənzil 6-da həyat yoldaşı Nigar İsmayılova və anası Məlahət İsmayılova ilə birlikdə yaşayır.

İsmayılova Məlahət Ağasəlim qızı həm də fiziki şəxsdir. Belə ki, qeydiyyatda olduğu ünvanda onun adına VÖEN nömrəsi 1405978562 olan vergi obyekti var. 

Bəs bu, nə obyektdir?

Fiziki şəxs ünvanı kimi öz ev ünvanını qeydiyyatdan keçirsə də, Məlahət İsmayılova həmin VÖEN ilə Nəsimi rayonu Süleyman Rüstəm küçəsi 128-də olan "Şərab Evi”ni işlədir.

Rəsmi olaraq Qida Təhlükəsizlik Agentliyindən icazə alınmadan işlədilən obyekt dəfələrlə xəbərdarlığa məruz qalıb. 

Agentliyin 7-8 iyun 2023-cü ildə apardığı monitorinqlərlə bağlı məlumatda deyilir ki, yuxarıda qeyd edilən ünvanda olan İsmayılova Məlahət Ağasəlim qızına məxsus "Şərab evi” cərimələnib. Buna iki səbəb göstərilib:

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması;
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi.

Bununla bərabər, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi sənədlərinə görə, İsmayılova Məlahət Ağasəlim qızı 2020-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 118a saylı bağ sahəsində 2 mərtəbəli yaşayış evi də tikdirib.

Ədliyyə naziri Fərid Əhmədov və Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov bu məsələlərlə də bağlı sorğuları cavablandırmayıb. 1 saylı Bakı İstintaq Təcridxanasının açıq mənbələrdə olan telefon nömrələrinə edilən zənglər də cavabsız qalıb.

4 ildə Penitensiar Xidmətə 640 milyondan çox vəsait ayrılıb

Son 4 ildə Penitensiar Xidmətə təkcə dövlət büdcəsindən ümumilikdə 640 milyon 671 min 487 manat vəsait ayrılıb. 

Bu vəsait penitensiar sistemin həm nəzəri, həm də praktiki baxımdan təkmilləşməsi üçün ayrılıb.

Azərbaycan hökuməti məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı yol xəritəsi qəbul edib və bunun üçün milyonlarla manat vəsait xərcləyib.

Ancaq yerli və beynəlxalq hüquq müdafiəçiləri proqramların icra olunmadığını, vəsaitlərin böyük hissəsinin mənimsənildiyini bildirirlər.