Perinatal Mərkəzdə körpələrin ölümü: “Əsas adamlar məsuliyyətdən kənarda qalıb”
08-10-2024 00:46 / Bu xəbər 544 dəfə oxundu
"Hadisə vaxtı xəstəxanada olan işçilər məsuliyyətə cəlb olunmayıb”
9 ay əvvəl Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar başlayıb.
Bu hadisə ilə əlaqədar məhkəmə qarşısına təqsirləndirilən şəxs kimi üç nəfər çıxarılıb: Mərkəzin keçmiş direktoru Mehriban Abbasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli.
Onlar hadisədən sonra vəzifədən kənarlaşdırılaraq, cinayət məsuliyyətinə cəlb olunublar. Lakin barələrində həbs qətimkan tədbiri seçilməyib.
Mehriban Abbasquliyevaya Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma – iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə, Hamlet Mustafayev və Elnur Əhmədliyə isə yalnız 225.3 maddəsilə ittiham irəli sürülüb.
Bu işin məhkəmə araşdırması Leyla Əsgərova-Məmmədovanın sədrliyilə, Novruz Kərimov və Rasim Sadıxovdan ibarət hakimlər kollegiyasına həvalə olunub.
Oktyabrın 7-də məhkəmənin hazırlıq iclasında aydın olub ki, həm zərərçəkmiş, həm də təqsirləndirilən tərəf 6 aydan çox davam edən istintaqdan narazı qalıb.
Hazırlıq iclasında hər iki tərəf işin prokurorluğa qaytarılması və yenidən istintaq aparılması barədə vəsatətlər qaldırıblar.
Hadisə zamanı həyatını itirən körpələrdən birinin anası Lalə Ramazanovanın nümayəndəsi Adəm Məmmədov xatırladıb ki, bu hadisə respublikada səs-küy yaradıb, dövlət başçısı işi nəzarətə götürüb. Buna baxmayaraq, aparılan araşdırma tam, hərtərəfli olmayıb: "Sübutlara düzgün qiymət verilməyib. İttiham aktı düzgün tərtib olunmayıb. Hadisənin necə baş verməsi bir kənarda qalıb, istintaq fərqli istiqamətdə gedib. Əsas adamlar məsuliyyətdən kənarda qalıb. Hadisə vaxtı xəstəxanada olan işçilər məsuliyyətə cəlb olunmayıb. Halbuki, onlar kömək edə bilərdi. Evində olanlar isə cəlb edilib. İş geri qaytarılmalıdır”.
Təqsirləndirilən Mehriban Abbasquliyevanın vəkili Muxtar Mustafayev də işin məhkəmə baxışına xitam verilməsi və işin prokurorluğa qaytarılması barədə vəsatət qaldırıb.
Vəkil bildirib ki, istintaq zamanı müvəkkilinin müdafiə hüququ pozulub.
Onun sözlərinə görə, müstəntiq müdafiə tərəfinə işdəki sənədlərin surətlərini verməkdən imtina edib.
Muxtar Mustafayev də hadisəyə görə məsuliyyət daşıyan bir çox şəxsin kənarda saxlandığını bildirib: "Həmin vaxt işdə olan həkimlərin uşaqları xilas etmək imkanları olub, amma bunu eləməyiblər, onlardan asılı olan addımları atmayıblar. Körpələrin yanında olmalı tibb bacıları həmin vaxt mətbəxdə çay içiblər. Amma onların heç birinə heç nə deyən yoxdur. Niyə?”
Vəkil Muxtar Mustafayev bu işin istintaqını aparan Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Ağakişi Acalovun barəsində xüsusi qərar çıxarılmasını da istəyib: "İstintaqın bitməsinə iki ay qalmış başlayıb tələm-tələsik işlər görməyə. Gecə saat 12-də istintaq hərəkətləri aparmağa nə ehtiyac var?”
Mehriban Abbasquliyevanın digər vəkili Çingiz Bəşirov da işin prokurorluğa geri qaytarılması barədə vəsatəti əsaslandırarkən bildirib ki, cinayət işindəki sənədlərin böyük bir hissəsi orijinal deyil, təsdiqlənməmiş kserosurətdir. Bu cür sənədlərdən istifadəni qanun qadağan edir. Belə sənədlərdən istifadə yalnız tərəflərin razılığı ilə mümkündür: "Bizdən nə belə bir razılıq soruşan olub, nə də biz belə bir razılıq vermişik”.
Vəkillərin qaldırdıqları daha bir vəsatət isə yanğında tüstüdən zəhərlənmə nəticəsində yüngül xəsarət alan 4 nəfər işçinin zərərçəkmiş statusuna xitam verilməsi idi.
Zərərçəkmiş-həkim Gülbahar Zülfüqarova bildirib ki, o heç zərərçəkmiş olmaq istəmir. Hadisənin ertəsi günündən də Mərkəzdən çıxıb gedib.
Digər zərərçəkənlər də bu vəsatətə etiraz etməyib.
Mehriban Abbasquliyevanın vəkillərinin daha bir vəsatəti isə yanğınla bağlı kompleks ekspertiza rəyinin sübutlar siyahısından çıxarılması olub.
Təqsirləndirilən Elnur Əhmədlinin vəkili Fərid Həsənov isə müvəkkili ilə bağlı bir sıra dindirmə protokollarının sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırıb.
O bildirib ki, həmin protokollardakı imzalar müvəkkilinə aid deyil: "Açıq-aşkar görünür ki, o imzalar fərqlidir”.
Dövlət ittihamçısı Orxan Səmədov vəsatətlərə münasibət bildrərkən deyib ki, işin prokurorluğa qaytarılması üçün əsas yoxdur, istintaqda kobud qanun pozuntularına yol verilməyib.
Müdafiə tərəfinin qaldırdığı digər məsələlər isə məhkəmə prosesinin gedişində araşdırılmalı məsələlərdir. Bu səbəbdən də vəsatətlər təmin olunmamalıdır.
Məhkəmə də qaldırılan vəsatətlərin heç birini təmin etməyib.
Oktyabrın 21-də bu iş üzrə məhkəmə istintaqı başlayacaq.
Yanğınla bağlı prokurorluğun yaydığı məlumatda iddia olunur ki, istintaq nəticəsində xəstəxanada yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmadığı, hadisənin baş verdiyi dördüncü mərtəbədə tibbi avadanlıqların düzgün istismar olunmadığı, normadan artıq tibbi avadanlıqların istifadə edildiyi, həmçinin elektrik qidalandırıcılarda yaranmış nasazlığın vaxtında aradan qaldırılmadığı üzə çıxıb.
Mehriban Abbasquliyevaya öncə səhlənkarlıq ittihamı verilmişdi. Sonradan ittiham ağırlaşdırıldı.
Şöbə müdirləri isə xəstəxanada standartlara uyğun olmayan elektrik cihazlarından istifadə olunması, elektrik xətlərinin gücü və dözümlülüyü nəzərə alınmadan çoxsaylı tibbi avadanlıqların davamlı və nizamsız şəkildə palatalarda yerləşdirilməsi və istismarına görə cinayət məsuliyyətinə cəlb olunub.
"Bunların nəticəsində infant inkubator körpə küvezi və yeni doğulmuş körpələrin müalicəsi üçün nəzərdə tutulmuş digər tibbi avadanlıqlarından təhlükəli şəkildə və standartlara uyğun olmadan istifadə edilib. Yanğın xəbərdarlığı vasitələri işlək vəziyyətdə olmayıb. Elektrik xətlərində baş vermiş normadan artıq yüklənmədən törəyən yanğın otağa yayılıb, bununla da, 4 körpə ölüb, müəssisəyə ciddi əmlak ziyanı dəyib”, – Baş Prokurorluğun məlumatında belə deyilir.
Mərkəzin direktoru Mehriban Abbasquliyeva 1998-2000-ci illərdə 3 saylı Şəhər Klinik Xəstəxanasında baş həkimin müavini olub.
O, 2000-ci ildə Sabunçu rayonundakı 2 saylı Doğum evinin baş həkimi təyin edilib və uzun illər bu vəzifədə işləyib.
Respublika Perinatal Mərkəzinə isə hadisədən bir il öncə – 2022-ci ilin dekabrında direktor təyin olunmuşdu(Meydan TV)