Pərviz Əzimov: “Yerli ticarət mərkəzləri gələcəkdə əvvəlki qədər mal sata bilməyəcəklər”

Pərviz Əzimov: “Yerli ticarət mərkəzləri gələcəkdə əvvəlki qədər mal sata bilməyəcəklər”

24-12-2020 12:21 / Bu xəbər 1280 dəfə oxundu

Pandemiya dövründə satış obyektləri, kafe və restoranlar fəaliyyətlərini dayandırdıqlarına görə Azərbaycan iqtisadiyyatı üçün yeni bir sahə olan onlayn ticarət daha çox istifadə edilməyə başladı. 

"Toplum TV” marketoloq Pərviz Əzimovla Azərbaycanda elektron ticarət, pandemiya dönəmində onlayn xidmət göstərən şirkətlərin fəaliyyəti və digər məsələlər haqqında danışıb. 

- Pandemiya dönəmində Azərbaycan vətəndaşları əvvəllər o qədər də geniş istifadə etmədikləri onlayn alış-verişə üstünlük verməyə başladılar. Sizcə, bu dəyişikliyə ölkə iqtisadiyyatı hazır idimi və təsirləri nələr oldu?

- Azərbaycanda özəl şirkətlər onlayn alış-verişin artması üçün uzun illər müəyyən layihələr həyata keçirsələr də, heç vaxt bu sahəyə bir mağaza açacaq qədər ciddi yanaşmayıblar. Lakin pandemiya şirkətləri məcbur etdi ki, məsələyə daha ciddi yanaşsınlar. Ümumilikdə götürsək, Azərbaycan biznes sektorunun, demək olar ki, 90 faizi bu prosesə hazır deyildi. Onlayn satış təkcə sayt açıb məhsulları ora yükləmək, saytda "onlayn al” düyməsini klik etməklə bitən proses deyil. Bunun üçün ölkədə internet bankçılığının inkişafı, çox peşəkar kuryer şirkətlərinin və elektron ticarət mütəxəssislərinin olması vacibdir. Azərbaycanda onlayn satış hələlik Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə daha çox inkişaf edib. Rayonlarımızın birindən müştəri məhsul sifariş etmək istəyirsə, bir çox şirkətlərdən "O bölgəyə çatdırılma xidmətimiz mövcud deyil" cavabını alır. Nə özəl kuryer sistemləri, nə də poçt xidmətləri bu prosesə tam hazırdır. Amma bütün hallarda o, bizdən asılı olan ya olmayan səbəblərdən inkişaf edir və artıq dayandırmaq da mümkün deyil. Yaxın zamanlarda Azərbaycanda böyük "bazar yeri” ("marketplace") platformalarının istifadəyə veriləcəyi haqda xəbərlər var. Yəqin yaxın müddətdə e-ticarətdə daha böyük inkişaf gedəcək. Təsirlərinə gəldikdə, rəsmi rəqəmlərə görə, pandemiya yerli iqtisadiyyata böyük zərərlər vurub. Nazir Mikayıl Cabbarov hələ pandemiyanın ilk dövründə açıqlama vermişdi ki, pandemiya iqtisadiyyata gündəlik 150 milyondan çox zərər verir. O vaxt onlayn satış indikindən daha pis durumda idi. Ancaq son aylardakı artım yəqin bu rəqəmi qismən də olsa kiçildə bilib. Daha çox inkişaf etsə, zərərləri daha da minimuma endirimək mümkündür.

- Pandemiya dövründə xarici ölkələrdən, xüsusilə Türkiyə saytlarından onlayn sifarişlərin sayında artım oldu. Bunun daxili iqtisadiyyata hansısa təsirindən danışmaq mümkündürmü?

- Əvvəla, ondan başlayaq ki, insanlar niyə alacaqları mal və məhsulları Türkiyədən və ya başqa xarici ölkələrdən sifariş edirlər? Həm də bu, təkcə pandemiya dövrünə aid məsələ deyil. Xaricdən sifarişlərin artması Azərbaycanda 2015-ci ildən müşahidə olunur. Sadəcə bu il daha da artdı. Bunun bir neçə səbəbi var. Əvvəla, xaricdən mal almaq daha ucuz başa gəlir; ikincisi, xarici bazarda çeşid çoxluğu var. Üçüncü səbəb istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların güzəştli və sadələşdirilmiş qaydalarla ölkəyə gətirilməsi ilə bağlı 305 nömrəli qərar ola bilər. Digər tərəfdənsə kuryer şirkətləri inkişaf etdi, rəqabət yarandı və daha da peşəkarlaşdılar. Göründüyü kimi, burda qiymətlərlə yanaşı, kuryer xidmətinin inkişafı da vacib rol oynayır. Məsələn, Türkiyədə "Hepsiburada.com” onlayn alış-veriş saytı 1998-ci ildən etibarən fəaliyyət göstərsə də, son 4-5 ildə bu saytdan edilən sifarişlərın sayı artıb. Səbəbi isə çatdırılma sisteminin inkişaf etməsidir. 

- Azərbaycanda onlayn satışa əngəl yaradan səbəblər varmı?

- Bayaq haqqında danışdığım 305 nömrəli qərarı Nazirlər Kabineti 2013-cü ilin 14 oktyabrında qəbul edib. Bu qərar fərdlərə müəyyən limitə qədər məhsulları gömrük rüsumu olmadan ölkəyə gətirməyə imkan  verirdi. Xaricdən sifarişlərin artmasında bu qərarın da çox vacib rolu var idi, indi o qərara dəyişiklik edilir və limitlər azaldılır. Qiymət məsələsinə gəldikdə, Türkiyədən edilən sifarişlərin 90 faizindən çoxunu geyim təşkil edir, geyim orada daha ucuzdur. Niyə ucuzdur? Birincisi ona görə ki, Azərbaycanda gömrük sisteminin liberallaşması prosesi getmir və ya çox zəif gedir, gömrük rüsumları çox yüksəkdir. İkincisi, Azərbaycanda tekstil sənayesi inkişaf etməyib. Bizdə Türkiyənin geyim markaları kimi keyfiyyətli məhsul istehsal etmək gücündə olan, 10 milyonlarla investisiya qoyulan tekstil fabriklərimiz var, bir çoxunda olmuşam. Ancaq bu şirkətlər pərakəndə satış üçün heç bir geyim istehsal etmir, sadəcə hansısa şirkət üçün işçi geyimləri və parça istehsalı ilə məşğuldurlar. Azərbaycanda tekstil sənayesi daha yaxşı inkişaf etsəydi, proses tam fərqli formada inkişaf edəcəkdi. Təsirlərinə gəldikdə, pandemiya bitsə belə, artıq yerli ticarət mərkəzləri əvvəlki qədər məhsul sata bilməyəcək. Mən hələ pandemiyadan öncə yaşadığım bir təcrübədən misal göstərim. Müştəri mağazaya gəldi, məhsulu geyindi, öz ölçüsünə uyğun olanı seçdi və sonra barkod hissəsinin fotosunu çəkərək  onlayn sifariş edəcəyini dedi. Təsəvvür edə bilirsiz pandemiyadan sonra nələr baş verəcək? İnsanlar onlayn satış sahəsində daha çox məlumatlanıb və mümkün olduğu qədər xaricdən alış-veriş edəcəklər. Gömrük Komitəsi buna süni maneələr yaratmağa çalışır. Ancaq hələ də anlamırlar ki, bu, problemi həll etməyəcək. Əksinə olmalıdır, ölkəyə idxal olunan məhsulların gömrük rüsumuna güzəştlər edilməlidir.

- Son dövrlərdə kafe və restoranların onlayn çatdırılma xidməti və bir sıra internet tətbiqetmələri ortaya çıxdı. Bütün bunlar yerində xidmət sahəsinə necə təsir edəcək?

- Əslində, bunlar inkişaf etmiş ölkələrdə çoxdan var və artıq populyarlaşıb. Bizdə isə elektron ticarət kimi, bu sahə də pandemiya dönəmində daha çox inkişaf etdi. Hazırda pandemiyadan ən çox zərər görən sahələr arasında kafe-restoran biznesi yəqin ki, ilk üçlükdədir. Ancaq pandemiyadan sonra yeni tətbiqlər və onlayn satış yerində xidmətə çox da böyük təsir göstərməyəcək. Çünki evə yemək sifarişi yeni davranış formasıdır, yeni mədəniyyətdir və sadəcə, evdə yemək bişirmək ənənəsində azalma ola bilər. 

- Azərbaycanda bu sektordakı təhlükəsizlik hansı səviyyədədir? Müştərilərin şəxsi məlumatlarının gizliliyi, kartların istifadəsində ortaya çıxan problemlərın həlli, rəqəmsal dünyada istehlakçı hüquqları kimi məsələlər dünya standartlarına cavab verirmi?

- Yerli istehlakçıların onlayn alış-verişə güvəni ilə bağlı ciddi bir problem yoxdur. Yəni psixoloji olaraq insanlar buna güvənməyə başlayıblar. Əgər burda oturub Çindən onlayn məhsul alırlarsa, demək, güvənirlər. Sadəcə, dünyanın keçdiyi bəzi vacib mərhələlər var ki, Azərbaycan hələ bu addımları atmayıb. Məsələn, çox vacibdir ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna elektron ticarətlə bağlı xüsusi müddəalar əlavə edilsin. Dünyada bu proses çoxdan başlayıb. 2019-cu ildə qəbul edilmiş Los-Anceles Bəyannaməsi təkcə alış-verişdə yox, bütün rəqəmsal platformalarda istehlakçı hüquqları ilə bağlı çox ciddi məsələləri özündə əks etdirir. Ancaq bizdə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda onlayn və elektron ticarətlə bağlı bir maddə belə yoxdur. Elə maddələr ki, şəxsi məlumatların təhlükəsizliyini təmin etsin. 

Bundan başqa, banklarımızın ödəmə sistemləri təkmilləşməlidir. Dünyada onlayn ödəniş üçün nəzərdə tutulmuş "bulud” adlı sistem mövcuddur. Məsələn, müştəri "Ali Express”dən nəsə alır, məhsulu satansa başqa bir şirkətdir. "Ali Express” burada sadəcə vasitəçidir. Müştəri ödəniş edir və bu məbləğ satıcının hesabına 14 gündən sonra oturur. Çünki 14 gün ərzində məhsul geri qaytarıla bilər. Bu müddət ərzində ödəniş o "bulud"da qalır. Müştəridən pul çıxılır, amma heç kimin hesabına getmir. Bizim banklar bu sadə sistemi belə qura bilməyib.

- Onlayn xidmət təklif edən ictimai iaşə obyektləri uzun zamandır ki, yerində xidmət göstərmir. Bu, kiçik və orta sahibkarlığın zamanla sıradan çıxması ilə nəticələnə bilərmi? Bunun baş verməməsi üçün hansı addımlar atılmalıdır?

- Artıq bu proses başlayıb. Bir çox sahələrdə kiçik və orta sahibkarlıq sıradan çıxmaq üzrədir. Bu yaxınlarda şəhər mərkəzinə getmişdim, əvvəllər müxtəlif növ mağaza, kafe və restoran olan yerlərin bir çoxunun üstündə "kirayə verilir" yazılıb. Bu artıq o bizneslərin sıradan çıxması deməkdir və səbəbi təkcə yerində xidmətin olmaması və müştərilərin gəlməməsi deyil, həm də müştərilərin gəlirlərinin kəskin azalmasıdır. Azərbaycanda əmək müqaviləsi olmayan, günəmuzd işləyən  2 milyondan çox adam  pandemiya dövründə gəlirsiz qalıb və bunların cəmi 600 min nəfəri 190 AZN müavinət alır. Yəni hətta sabah tam açılma olsa belə, çətin durumda olan şirkətlər ayağa qalxmaqda çətinlik çəkəcək. Bu, çox klassik tələb-təklif məsələsidir. Qapatma qərarı verən dövlət müəyyən addımlar atmalıdır – sahibkarlara  aşağı faizlərlə kreditlərin verilməsindən tutmuş, istehlakçılara yardımlara qədər. Ayrılmış kreditlərin geri qaytarılması üçün güzəştli müddətlər tətbiq olunmalıdır. Pandemiyadan çıxmış sahibkarların bir çoxu yumşalmadan sonra da o kreditləri qaytara bilməz. Ən aşağı faizlə kreditlər verilməli və sahibkarlara 2 ilə qədər vaxt verilməlidir. Buna paralel olaraq sahibkarlar daha innovativ layihələr gerçəkləşdirməli, elektron ticarət inkişaf etməli, rəqəmsallaşma sürətlənməlidir.

- Pandemiya təcrübəsi Azərbaycanın onlayn alış-veriş sektorunda inkişafa yol açdı, gələcəkdə bu sahədə nələr etmək olar?

- Onlayn alış-veriş artıq geri dönüşü mümkün olmayan bir yola daxil olub. Pandemiya dönəmində məcburiyyətdən inkişaf edən elektron ticarəti artıq bizdə də ciddiyə almağa başlayıblar. Düzdür, tam açılma olduqdan sonra onlayn satışın həcmində azalmalar olacaq. Ancaq burda vacib bir məsələ var -  əvvəllər mütxəlif səbəblərdən onlayn alver etməyən insanlar pandemiya vaxtı bunu yoxladı və gördülər ki, çox normaldır. Onların bir hissəsi bundan sonra da onlayn alış-verişə üstünlük verəcəklər. Şirkətlərin üzərinə düşən məsuliyyət bundan ibarətdir ki, onlar dayanmadan bu sahəni inkişaf etdirməlidirlər. Çünki bizdə onlayn ticarət hələ ki, istehlakçının tələbatına tam cavab vermir.

Nigar Səmədli