Peskov Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını təsdiqləyib

Peskov Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını təsdiqləyib

17-04-2024 15:48 / Bu xəbər 660 dəfə oxundu

Aprelin 16-dan Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması barədə məlumatlar yayılıb.

Aprelin 17-də Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov rus sülhməramlılarının Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib.

Dmitri Peskov məsələ ilə bağlı detallı açıqlama verməyib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.

Dünən Rusiya sülhməramlıları Kəlbəcər rayonunundakı Xudavəng monastrını Azərbaycan polisinə təhvil verərək ərazini tərk etmişdilər.

Ermənistan mediası diplomatik mənbələrə istinadən kontingentin çıxarılmasının Dağıstan vasitəsilə həyata keçirildiyini yazmışdı.

10 noyabr 2020-ci il bəyanatına əsasən, Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanda qalma müddəti 2025-ci ildə yekunlaşır.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.