PKK-nın TUSAŞ-dakı hadisəni üzərinə götürdüyü bildirilir

PKK-nın TUSAŞ-dakı hadisəni üzərinə götürdüyü bildirilir

26-10-2024 01:13 / Bu xəbər 568 dəfə oxundu

Bəyanatda hücumun siyasi gündəmlə əlaqəsi inkar edilir

Türkiyə aerokosmik şirkətinin təyyarə zavoduna (TUSAŞ) silahlı hücumuna məsuliyyəti PKK-ya bağlı Xalq Müdafiə Mərkəzinin (HPG) öz üzərinə götürdüyü bildirilir.

Hücumun "Avtonom” adlı bir qrup tərəfindən həyata keçirildiyi deyilir.

Bəyanatda hücumun daha əvvəl planlaşdırıldığı və "siyasi gündəmlə heç bir əlaqəsi olmadığı” qeyd edilib.

HPG açıqlamasında TUSAŞ-ın "istehsal etdiyi silahlara” görə hədəf alındığını iddia edib.

Bir gün öncə, oktyabrın 24-də isə PKK hücumla əlaqələri olmadığı açıqlamışdı.

"Əgər bu hərəkət güclərimiz tərəfindən həyata keçirilibsə, HPG lazımi açıqlamanı verəcək. Lakin bu hərəkətin inkişaf etdirilən proseslə qətiyyən heç bir əlaqəsi yoxdur. Oktyabrın 23-də lider Apo ilə 5 ildən sonra görüşdük. Bu, bizi, xalqımızı və dostlarımızı çox sevindirdi, amma Aponun da dediyi kimi, təcrid aradan qaldırılmayıb və davam edir”, – PKK-nın bəyanatında deyilirdi.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçəlinin oktyabrın 22-də Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı "Öcalan təşkilatı ləğv etdiyini TBMM-nə açıqlamalıdır”, – ifadəsindən sonra Abdullah Öcalanın təxminən 4 ildən sonra ilk dəfə ailəsi ilə görüşməsinə icazə verilib.

Bu görüşdə Öcalanın mesajı ictimaiyyətə açıqlanmadan əvvəl TUSAŞ-a hücum olub.

Daxili işlər naziri Ali Yerlikaya oktyabrın 24-də hücum edənlərin PKK üzvləri olduğunu açıqlamışdı.

Türkiyə Daxili İşlər Nazirliyi HPG-ni PKK-nın silahlı qanadı olaraq təyin edir.

Rusiyada keçirilən BRİCS Zirvəsindən qayıdarkən, təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: "Dünən gecədən etibarən hücumun cavabı qat-qat artıq verilməyə başlayıb”, - deyib.

"Bu terror hücumunda TUSAŞ kimi əhəmiyyətli təşkilat təsadüfən seçilməyib. Öyrəndik ki, terroru Suriyadan sızan və hərakat kimi inkişaf edənlər törədib. Bu məqsədlə gecə boyu 40 fərqli yerdə əməliyyatlar aparıldı. Aydındır ki, terrorçular bu əməliyyatlar vasitəsilə əməllərinin qarşılığını ödəyirlər”, – Türkiyə Prezidenti deyib.

HPG nədir?

Xalq Müdafiə Mərkəzi PKK-nın hərbi qanadı olan Xalq Müdafiə Qüvvələrinin (HPG) əsas qərargahıdır.

Qərargah komandiri Murat Karayılandır.

HPG 2000-ci ilə qədər Kürdüstan Xalq Azadlıq Ordusu (ARGK) kimi tanınıb.

2015-ci ildən bəri HPG Türkiyənin bir çox şəhərində başda hərbi məntəqələr və polis məntəqələri olmaqla çoxlu sayda odlu silah və bomba hücumları həyata keçirib, onlarla insan həlak olub.

HPG daha əvvəl, 2022-ci il sentyabrın 26-da Mersin Mezitlidə polis evinə və 2023-cü il oktyabrın 1-də Ankara Kızılay Polis İdarəsinin girişinə edilən hücumlara görə məsuliyyəti üzərinə götürmüşdü.

Mersində törədilən hücumda bir polis məmuru həyatını itirib, iki təcavüzkar isə üzərindəki bombaları işə salıb.

Ankaradakı hücumda polislə münaqişə edən iki hücumçudan biri üzərində olan bombanı işə salıb. Digər hücumçu öldürülüb, iki polis əməkdaşı yaralanıb.

TUSAŞ Türkiyənin əsas müdafiə ixracatçılarından biridir.

TUSAŞ "HÜRKUŞ” və "HÜRJET” kimi təyyarələri, "GÖKTÜRK” peykləri və "ANKA” markalı İnsansız Uçuş Aparatı (İHA) layihələri ilə tanınır.

Hazırda TUSAŞ işçilərinin normal işə qayıtdıqları açıqlanıb.

Şirkətin internet saytından verilən açıqlamada: "Birlik və həmrəylik içində bu hücumun öhdəsindən gələcəyik və ölkəmizin gələcəyi üçün fasiləsiz çalışmaya davam edəcəyik”, – ifadəsi işlədilib.

Türkiyə daxili işlər naziri Ali Yerlikayanın bu günə qədər paylaşdığı məlumata görə, hücumda 5 nəfər həyatını itirib, 22 nəfər yaralanıb.

TUSAŞ-da keyfiyyətə nəzarət məmuru işləyən Cengiz Coşkun, qurumun əməkdaşı Həsən Hüseyn Canbaz, mühəndis-mexanik Zahide Güçlü, mühafizəçi Atakan Şahin Ərdoğan və taksi sürücüsü Murat Arslan öldürülüb.

Cümə axşamı həyatını itirənlər üçün dəfn mərasimi keçirilib.

Oktyabrın 24-nə olan məlumata görə, onlardan səkkizi evə buraxılıb.