Polad Aslanov ombudsmanın nümayəndələrinə şikatət edib
12-08-2024 14:10 / Bu xəbər 644 dəfə oxundu
Avqustun 9-da Azərbaycan Ombudsman Aparatının nümayəndələri 1 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə çərçivəsində digər məhbuslarla yanaşı, "xeberman.com" saytının həbsdə olan rəhbəri Polad Aslanovla da görüşüblər.
Bu barədə "Turan"a jurnalistin həyat yoldaşı Gülmira Aslanova bildirib.
Onun sözlərinə görə, Polad Aslanov ombudsman ofisinin əməkdaşlarına üç şikayətini bildirib.
Onlardan ikisi 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılması və İstintaq Təcridxanasına gətirildikdən sonra ona qarşı qeyri-insani rəftarla bağlı olub.
Hər iki halda prokurorluq jurnalistin şikayəti əsasında araşdırma başladıb, lakin sonradan icraata xitam verilib, işlərin bağlanması haqqında qərarlar isə nə vəkilə, nə P.Aslanova verilib.
Jurnalist ombudsman nümayəndələrindən yerli məhkəmələrə və daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermək üçün prokurorluğun qərarlarını almağa kömək etməyi xahiş edib.
Polad Aslanovun üçüncü şikayəti ailəsinin maddi vəziyyəti ilə bağlı olub. "Polad ombudsman nümayəndələrinə bildirib ki, təqsirsiz olduğu halda, altı ildir həbsdə saxlanılır. Onun həbsinin qanunsuz olduğu Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən də təsdiq edilib. Buna baxmayaraq, onu azadlığa buraxmırlar, dövlət isə ailəsinə sosial yardım göstərmir. Yoldaşım həbsdə olduğuna görə məni - onun həyat yoldaşını işə qəbul etməkdən imtina edirlər. Polad dövlətin öz vətəndaşlarına görə məsuliyyətini xatırladaraq, ailəsinin sosial yardımla təmin edilməsini tələb edib", - deyə G.Aslanova qeyd edib.
Onun sözlərinə görə, jurnalist ombudsman Səbinə Əliyevanın adına yazılı ərizədə öz şikayətlərini qeyd edib və ona bu müraciətlərə baxılacağı vəd edilib.
***
Aslanov 12 iyun 2019-cu il tarixində həbs olunub, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə, xüsusən İranın xeyrinə casusluqda ittiham olunub və 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Aslanov bütün ittihamları təkzib edir, xüsusi xidmət əməkdaşları arasıında korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunduğunu bildirir.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
Beynəlxalq təşkilatlar Aslanovun həbsini pisləyiblər və onu azad etməyə çağırıblar.
Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.