Poliklinikalarda başqa rayon qeydiyyatında olanlara qadağa

Poliklinikalarda başqa rayon qeydiyyatında olanlara qadağa

01-06-2021 17:10 / Bu xəbər 1027 dəfə oxundu

"Növbəyə baxan yoxdur, saat 9-da gələn saat 1-də peyvənd olunur”

"Bakı poliklinikalarının baş həkimləri başqa rayon qeydiyyatında olanları uzaqlaşdırır. Onlara peyvənd olunmaq üçün qeydiyyatda olduqları ərazilərə getmələrini söyləyirlər”.

Meydan TV-yə bu gün 8 saylı Poliklinikada peyvənd olunmaq üçün gedən Bakı sakini bildirib. 

Deyib ki, qeydiyyatı rayonda olsa da, illərdir Bakıda yaşayır və hər dəqiqə rayona gedib-gəlmək imkanı yoxdur. 

Odur ki, yaşadığı ərazidəki 8 saylı Poliklinikaya müraciət edib. Ona belə cavab verilib: "Növbədə gözlədiyim vaxt elan etdilər ki, sabahdan başqa rayondan olanlar getsin Respublika Xəstəxanasına, burada ancaq Nərimanovdan olanlar peyvənd olunacaq”.

Növbədə dayanmış başqa bir şəxs də 5 saylı poliklinikadan eyni problemlə rastlaşdığını deyib: "Dünən ordan bizə dedilər ki, rayon qeydiyyatındasızsa, gedin Respublika Xəstəxanasına. İcbari Tibbi Sığorta Agentliyinin "randevu.its.gov.az” saytından bu poliklinika üçün növbə almışam. Göründüyü kimi, növbəyə baxan yoxdur, saat 9-da gələn saat 1-də peyvənd olunur”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün 8 saylı Poliklinikanın baş həkimi Tamella Kərimova ilə əlaqə saxlayıb. Həkim faktı təsdiqləyib. 

Bildirib ki, hərə öz rayonundakı, qeydiyyatda olduğu ərazidəki poliklinikanı seçməlidir: "Fərqli ərazilərdə qeydiyyatda olanların bizim poliklinikada peyvənd olunmasına mən icazə verməyəcəyəm. Sıxlıq yaranır, ərazimizdə yaşayanlar günlərlə gəlib-gedirlər, peyvənd oluna bilmirlər. Ərazidə olan məcburi köçkünlər isə müvafiq qurumdan arayış gətirməklə peyvəndlənə bilərlər”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Elnarə Baxış isə Meydan TV-yə belə bir qaydanın olmadığını söyləyib: "Vətəndaş istədiyi poliklinikada qeydiyyatdan keçib, peyvənd oluna bilər”.

Səhiyyə Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən başlanıb. Peyvəndlənmə pulsuz həyata keçirilir və ancaq dövlət xəstəxanaları, klinikalarında edilir. 

Vaksinasiya yeni başlayanda Azərbaycanın Çinin "Sinovac" şirkətinə 9 milyon doza vaksin sifariş etdiyi açıqlanmışdı (4.5 milyon əhalinin istifadəsi üçün). Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilmişdi. Eyni zamanda, Azərbaycanın az miqdarda başqa vaksinlər də aldığı bildirilir.