Polis Bakıda əməliyyat zamanı daha bir nəfəri güllələyib

Polis Bakıda əməliyyat zamanı daha bir nəfəri güllələyib

10-09-2024 18:32 / Bu xəbər 320 dəfə oxundu

Şikayətçinin adı deputat Səttar Möhbalıyevlə bağlı hansısa cinayət işində də hallanır

Sentyabrın 9-da Bakıda polislər əməliyyat zamanı daha bir nəfəri güllələyərək öldürüb.

Bu, son bir həftə ərzində üçüncü oxşar hadisədir.

Budəfəki ölüm hadisəsi paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayonda baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, sentyabrın 9-da axşam saat 21 radələrində Binəqədi rayonundakı evlərdən birinə basqın barədə polisə məlumat daxil olub.

Hadisə yerinə yaxınlaşan polislərə şübhəli şəxs odlu silahla müqavimət göstərərək qaçmağa cəhd edib.

"Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınaraq, şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib. Müəyyən edilib ki, cinayət əməlini əvvəllər dəfələrlə məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğlu törədib. Hadisə yerindən cinayət aləti olan "Makarov” tapançası aşkar olunaraq götürülüb”, – DİN-in mətbuat xidmətinin yaydığı rəsmi açıqlama belədir.

Əməliyyat nəticəsində öldürülən Eldəniz Şükürovun yaxınlarının onun ünvanına səsləndirilən ittihamlara münasibəti məlum deyil.

Hüquq-mühafizə orqanlarındakı mənbənin Meydan TV-yə verdiyi məlumata görə, hadisə 7-ci mikrorayonda Rauf İsmayılova məxsus mənzildə baş verib.

Maskalı şəxs ondan pul tələb edib.

Mənbənin sözlərinə görə, Rauf İsmayılovun adı başqa bir cinayət işində də keçir.

Deputat Səttar Möhbalıyevin adı hallanan bir cinayət işində də o, zərərçəkəndir: "Rauf İsmayılov "Məhsul” stadionunda bina tikmək istəyib. Oranı almaq üçün pul verib, onu aldadıblar”.

Son bir həftə ərzində digər iki ölüm hadisəsi isə Sabuncu ərazisində baş verib.

Sentyabrın 4-də axşam saat 21.00 radələrində Akif Məmmədov polislər tərəfindən güllələnərək öldürülüb.

DİN-in mətbuat xidməti iddia edir ki, onun narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olması haqda polisə məlumat daxil olub.

Həmin məlumat əsasında əməliyyat həyata keçirilərkən Akif Məmmədov silahlı müqavimət göstərib, bu üzdən zərərsizləşdirilib: "Hadisə yerindən 2 kq müxtəlif növlü narkotik vasitələr və "Makarov” markalı tapança aşkar olunaraq götürülüb”.

Bir gün əvvəl – sentyabrın 3-nə keçən gecə də polis əməkdaşları 25 yaşlı Elşən Haqverdiyevi güllələyərək öldürmüşdü.

Bu hadisə ilə bağlı da DİN-in Mətbuat xidməti iddia edirdi ki, gecə saatlarında evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibəsi tərəfindən polisə məlumat daxil olub.

Hadisə yerinə gələn polis əməkdaşlarına şübhəli şəxs kəsici-deşici alətlə müqavimət göstərərək qaçmağa cəhd edib: "Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmaqla şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib”.

Bu əməliyyatların heç biri ilə bağlı videogörüntü, qarşı tərəfin müqavimət göstərməsilə bağlı başqa bir sübut ortaya qoyulmayıb.