Polis etibarnaməsi

Polis etibarnaməsi

21-09-2021 13:48 / Bu xəbər 3963 dəfə oxundu

Ənnağı Hacıbəyli
Hüquqşünas

Qanunvericilik və onun tətbiqi praktikası ilə bağlı hər gün qarşılaşdığımız qanunsuzluqlardan biri də avtomobillərin idarə edilməsinə dair verilən etibarnamələrlə bağlıdır.

Başıma gələn bir əhvalat danışım: 

Oğlum mənə mülkiyyətində olan minik avtomobilini idarə etmək hüququna dair etibarnamə vermişdi. Orada göstərilirdi ki, mən bu hüququ başqasına verə bilərəm. Mən də öz növbəmdə başqa bir ailə üzvümə etibarnamə verdim. 

Bir müddət sonra rayona gedərkən DYP postlarının birində polis işçisi məni saxladı və planşeti göstərərək bildirdi ki, sizin adınıza olan etibarnaməyə xitam verildiyindən bu maşını idarə etmək hüququnuz yoxdur. Səbəbini soruşduqda izah etdi ki, siz kiməsə etibarnamə versəniz adınıza olan etibarnaməyə xitam verilir. 

Mən də hüquqçu olduğumu, etibarnamənin bu qaydada ləğvinin qanunsuz olduğunu izah etməyə çalışdım. Xeyli mübahisədən sonra, deyəsən, başa düşdü, hər halda sağ olsun, maşını cərimə meydançasına qoymaqdan və bizi piyada yola salmaqdan vaz keçdi və tapşırdı ki, şəhərə qayıdan kimi bu məsələni aydınlaşdırım.

Notariat kontorunda mənə izah etdilər ki, DYP-nin sistemində etibarnamə ilə bağlı bir qrafa var və etibar edilmişi başqasına etibar etmə barədə etibarnamə verildikdə birinci etibarnaməyə xitam verilir. Bu qayda nazirliklərin göstərişidir. Yenə də bunun qanunsuz göstəriş olduğunu izah etməyə çalışdım, lakin bir nəticəsi olmadı – mənimlə razı olduqlarını bildirsələr də, əllərindən bir şey gəlmədiyini dedilər.

Avtoritar idarəçilikdə icraçılıq təşəbbüskarlığı və müstəqil düşünməni istisna edir – belə keyfiyyətlər təhlükəlidir. Nə isə, qayıdaq polis etibarnamələrinə. Bəllidir ki, etibarnamə ilə bağlı münasibətlər AR Mülki Məcəlləsinin 362-366-cı maddələri ilə nizamlanır. 

MM-in 365-ci maddəsində etibarnaməyə xitam verilməsinin əsasları göstərilir və orada başqasına etibaretmə ilə bağlı əvvəlki etibarnamənin ləğvi nəzərdə tutulmur. Deməli, göstəriş qanunvericiliyin yanlış təfsirinə əsaslanır və fiziki və hüquqi şəxslərin hüquqlarının qanunsuz qısıdılması ilə sonuclanır.

Başqasına etbaretmə nəticəsində etibarnamənin ləğvi barədə izahın qanunsuzluğu həm də onunla sübut olunur:

1) MM-in 366.4-cü maddəsinə əsasən, etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür;
2) MM-in 365-ci maddəsinə əsasən, etibarnaməyə müddətin bitməsi, əqd tərəflərinin ölməsi, etibarnamə vermis şəxsin onu ləğv etməsi, etibarnamə verilmiş şəxsin ondan imtinası, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması və s. nəticəsində xitam verilir;
3) Etibar edilmişi başqasına etibaretmə həm də ona görə əvvəlki etibarnaməni ləğv edə bilməz ki, MM-in 364.2-ci maddəsinə əsasən, səlahiyyət verən müəyyən hallarda səlahiyyət verdiyi şəxsin hərəkətlərinə görə öz hərəkəti kimi məsuliyyət daşıyır.

Bundan başqa, mənə izah etməyə çalışdılar ki, bu halda siz verilmiş səlahiyyəti başqasına ötürmüş olursunuz və sizdə səlahiyyət qalmadığına görə etibarnaməniz xitam olunur. Bu izah tamamilə yanlışdır və qanunvericiliyin səhv təfsirinə əsaslanır. 

Başqasına etibaretmə zamanı ilkin etibarnamə üzrə səlahiyyət almış şəxs başqasına öz səlahiyyətlərini deyil, etibarnamə vermis şəxsin səlahiyyətlərini icra etmək hüququ verir. İlkin etibarnamə almış şəxs isə hər bir halda səlahiyyətlərini saxlayır. Onu bu səlahiyyətdən icra orqanı olan DYP və ya hər hansı kənar şəxs deyil, yalnız etibarnamə vermis şəxs məhrum edə bilər. 

Etibarnamə birtərəfli əqddir və MM-in əqdlərə dair normalarında da əqdlərin xitamı ilə bağlı elə bir qayda yoxdur.

Deyirlər ki, DYP-nin sistemində etibarnamə ilə bağlı cəmi bir qrafa olduğina görə etibar edilmişi başqasına etibar etmə barədə etibarnamə verildikdə birinci etibarnaməni sistemdə saxlamağa texniki imkan yoxdur. 

Bu "əsasla” birinci etibarnaməyə xitam verilməsi arqumenti gülüncdür və regionun lider dövlətinə yaraşan texniki imkansızlıq sayıla bilməz. Sağ olsunlar bəzi məmurlarımız, mənə ümid verdilər ki, bu istiqamətdə işlər gedir, gərəkli texnika alındıqdan sonra durum düzələcək. Deməli, o möcüzəli avadanlıq alınanadək hüquqlarımızın pozulmasına dözməliyik, axı biz dözümlü və səbirli xalqın nümayəndələriyuk!

Daha bir arqument odur ki, bir neçə etibarnamə olduqda yol hərəkəti qaydalarının pozulması ilə bağlı cəriməni ödəməli olan şəxsi müəyyən etmək çətin olur, bütün cərimələr sonuncu etibarnamə verilmiş şəxsin adına göndərilir, bu da kütləvi narazılığa səbəb olur. 

DYP işini asanlaşdırmaq üçün başqasına etibaretmə barədə etibarnamələrə qanunsuz olaraq xitam verir, üstəlik, hüququnu pozduğu şəxsi maşından düşürüb cərimələməklə bir daha onun hüququnu pozur. Bu nəinki demokratik hüquq dövləti üçün, hətta adi dövlət üçün də yolverilməz haldır, AR Konstitusiya və qanunlarının, o sıradan Konstitusiyanın 71-ci maddəsinin kobud pozuntusudur.

O bir qrafalıq qeydiyyat yadıma məşhur "Qaraj” filmindəki bir epizodu saldı – qarajı yol tikintisi ilə bağlı ixtisara düşən kooperativ üzvü belə bir sual-təklif verir: magistral yolu bir az o yandan çəkmək olmaz? İndi o qardaşın sözü olmasın, yolçu-polis qardaşlar, ora bir dənə də qrafa artırmaq olmaz?