Politoloq: "İndi hamını bir sual maraqlandırır: İranın cavabı nə olacaq?"

Politoloq:

06-01-2020 17:15 / Bu xəbər 991 dəfə oxundu

"Süleymani son illər Xameneyidən sonra ikinci nüfuzlu lider statusuna yüksəlmişdi və aydındır ki, yeni rəhbərin müəyyən olunmasında onun rəyi önəmli, bəlkə də, həlledici olacaqdı. Bu baxımdan İran sistemi içərisində Süleymaninin artan təsirindən, sözünün çəkisindən xoşhal olmayan çevrələrin mövcudluğu şübhəsizdir və sərdarın zərərsizləşdirilməsi onların da marağına uyğundur". 

Bunu siyasi şərhçi Şahin Cəfərli iranlı general Qasım Süleymaninin ABŞ hərbi qüvvələri tərəfindən öldürülməsini şərh edərkən deyib. 

Onun sözlərinə görə, ABŞ-ın hərəkətə keçdiyi və səfirlik insidentinə sərt reaksiya verdiyi, İraq səmasında davamlı olaraq hərbi helikopterlər uçurduğu bir məqamda Qasım Süleymaninin İraqa gəlməsi, yaxud göndərilməsi də maraqlıdır.

Ekspert SEPAH-ın terror təşkilatı elan edildikdən sonra İranın nüfuzlu generallarının hədəf seçilməsi və ya terrora məruz qalması ehtimalının gözlənilən olduğunu bildirib. 

Onun fikrincə, İran tərəfi Süleymani kimi nüfuzlu şəxsin aradan götürüləcəyini təxmin edə bilməyib: "Bu sui-qəsdlə ABŞ İranın "qırmızı xətt”ini keçdi, amma səfirliyin yandırılması cəhdi də ABŞ-ın "qırmızı xətt”ini keçmək demək idi. 

"Əgər bir strukturu terror təşkilatı elan edirsənsə, deməli, onu idarə edənləri də terror təşkilatının lideri sayırsan” 

Ekspert deyir ki, Süleymani ABŞ və İsrail kəşfiyyatları tərəfindən müntəzəm izlənən fiqur olub: "Məlumatlar var ki, "Mossad” daha əvvəl (məsələn, 2015-ci ildə) onu aradan götürmək istəsə də, ABŞ buna mane olub. Ümumiyyətlə, Obama İranla sülh anlaşması imzalamağa qərar verdiyi dövrdə istər öz ölkəsinin, istərsə də İsrailin müvafiq orqanlarının İrana qarşı fəaliyyətlərini mümkün qədər tormozlamışdı. Tramp isə prezident seçkiləri ərəfəsində xarici siyasətdə mümkün qədər gərginlik yaratmamağa bütün fikrini seçkiləri qazanmağa cəmləşdiridirdi. Məhz buna görə də İran tərəfindən ABŞ pilotsuz təyyarəsinin vurulması və buna sərt qarşılıq verilməsinə çağıran müşavir Boltonun təklifinin Tramp tərəfindən rədd edilməsi, Hörmüz boğazında tankerlərə hücumlar və Səudiyyə Ərəbistanı neft infrastrukturunun bombalanması kimi ciddi hadisələrin cavabsız qalması belə deməyə əsas verir". 

Ş.Cəfərlinin sözlərinə görə, Tramp iqtidara gəldikdən sonra Obama dövründə bölgədə nüfuz dairəsini xeyli genişləndirmiş, İranın gücünü qırmaq istiqamətində ardıcıl addımlar atıb: "Belə addımlardan biri də ötən ilin aprelində rejimin əsas dayağı olan İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah-e Pasdaran-e Enqelab-e Eslami) terror təşkilatı elan edilməsi idi. İndi hamını bir sual maraqlandırır: İranın cavabı nə olacaq?".

Ekspert regionda intiqam çağrışlarının yüksələcəyini bildirir: "İran öz nüfuzunu qorumaq və gücünü göstərmək üçün hansısa şəkildə cavab verəcək. Bölgədə İranın yüz minlərlə döyüşçüyə malik proksi gücləri və böyük kəşfiyyat şəbəkəsi var. İlk növbədə regionda fəaliyyət göstərən ABŞ kəşfiyyat mənsubları (amerikalı və ya onlara xidmət edən yerli sakinlər), hərbçilər, diplomatlar, iş adamları hədəf halına gələ bilər: qaçırılma, hətta qətl hadisələrinin baş verməsi ehtimal daxilindədir". 

Onun sözlərinə görə, ABŞ-ın vətəndaşlarını İraqı tərk etməyə çağırması bununla əlaqədardır: "ABŞ-a və ya İsrail başda olmaqla onun müttəfiqlərinə aid müxtəlif obyektlər hücumlara məruz qala bilər. Livan "Hizbullah”ı, Suriya və Fələstində İrana yaxın qüvvələr İsrailə qarşı müxtəlif təhdid xarakterli aksiyalar keçirmək imkanındadır. "Ənsərullah” Səudiyyə Ərəbistanını vurmağa davam edə bilər". 

Ekspertin bildirib ki, qarşılıqlı intiqam müharibə riskini artıracaq: "İranın əlindəki raketlər bölgədəki bütün ABŞ hərbi bazalarını və İsraili vurmağa imkan verir. ABŞ-ın isə İranın qonşuluğunda böyük aviasiya gücü və hərbi donanması var. Amma böyük savaş hazırda nə tərəflərin özünün, nə də digər böyük güclərin (Çin, Rusiya, Avropa, Yaponiya) marağındadır. ABŞ İranı masaya çəkmək istədiyi halda, bu hadisədən sonra Tehranın buna razı olacağına inanancaq qədər sadəlövh ola bilməz. ABŞ-dakı seçkilərə qədər gərginlik davam edəcək. Tramp qalib gələrsə, özünün son prezidentlik müddətində İran problemini birdəfəlik çözməyə girişə bilər".

Politoloq Zərdüşt Əlizadə isə Toplum.Tv-yə açıqlamasında Trampın hakimiyyətinin beynalxalq demokratiyanın tənzimlənməsinə əngəl yaratdığını bildirib: "Süleymani xiristian dövlətlərin müsəlmanlara qarşı"səlib yürüşü”nə müqavimət göstərən bir təşkilatın rəhbəri idi. İran xalqı onu sevirdi və dəstəkləyirdi”.

Z.Əlizadənin fikrincə, Süleymani gələcəkdə prezident olacaq qədər nüfuza sahib olub. 

Ekspert ABŞ-ın son addımlarının ziddiyyətləri daha da artıracağını deyib: "ABŞ-ın Yaxın Şərqdə kifayət qədər hərbi bazası və qüvvəlləri olduğundan İran onunla hesablaşacağı təqdirdə bunları nəzərə almalıdır".

Roza Məmmədova