Polkovnik-leytenant partiya sədrini məhkəməyə verdi

Polkovnik-leytenant partiya sədrini məhkəməyə verdi

20-12-2021 12:50 / Bu xəbər 811 dəfə oxundu

Əli Əliyev: "Bu, mənə qarşı tamamilə qurama bir iddiadır”

Noyabrın 30-da baş verən helikopter qəzasında yaralanan polkovnik-leytenant Emil Cəfərov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı iddia qaldırıb.

Bu barədə Meydan TV-yə VİP sədri Əli Əliyev məlumat verib.

O, bildirib ki, dekabrın 21-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə ilkin baxış iclası keçiriləcək.

Əli Əliyevin sözlərinə görə, qarşı tərəf onun dekabrın 9-da Osmanqızı TV-dəki çıxışının bir hissəsini ixtisar edərək məhkəməyə təqdim edib:

"Bu, mənə qarşı tamamilə qurama bir iddiadır. Çünki ehtimal əsasında səsləndirdiklərimi polkovnik-leytenant Emil Cəfərov iddia kimi müraciətə daxil edib. O mənim Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatında yayma) maddəsi ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb olunmağımı istəyir”.

"İddia ona görə quramadır ki, məndən başqa xeyli ictimai-siyasi fəal, jurnalist və hətta partiya sədri də danışıb və onlar daha sərt ifadələr səsləndirib”, – Əli Əliyev belə deyib.

Partiya sədri bildirib ki, helikopter qəzası ilə bağlı şübhəli məqamlar var:

"Həmin iki zabitin 2500 min metrdən düşərək xüsusi xəsarət almadan qurtulmaları, konkret olaraq, polkovnik-leytenant Emil Cəfərovun 14 dostunu itirməsinə rəğmən gülərək şərh verməsi, ardınca helikopterdə 14 nəfər olmalarını iddia etməsi, sonra isə düzəliş verərək 16 nəfər olduqlarını söyləməsi müəyyən şübhələr doğurur. Mən də partiya sədri olaraq mütləq münasibət bildirməliydim, bu mənim vəzifəmdir. Ona görə doğru açıqlama vermişəm”.

Əliyev hesab edir ki, ona qarşı iddianın hazırlanma prosesinin sürətlə getməsi də bəzi şübhələr yaradır: "Təsəvvür edin ki, Emil Cəfərov 16 dekabrda iddia ərizəsi yazıb, məhkəmə 17 dekabrda icraata götürüb və sabaha da iclas təyin ediblər. Mən dekabrın 18-də məhkəməyə teleqram vurdum ki, hazırlıq prosedurları üçün proses təxirə salınsın. Çünki vəkillə danışmalıyam, işlə tanış olmalıyam. Sabah məhkəmə olmalıdır, ancaq ikinci iddianı qaldıran kapitan Ramin Ədilovun ərizəsi hələ mənə çatmayıb”.

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonununda qəzaya uğrayıb.

Nəticədə 14 hərbçi həlak olub, 2 nəfər yaralanıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev elə həmin günü keçirdiyi bifinqdə deyib ki, qəzada hansısa kənar təsirdən söhbət gedə bilməz.