Polşa prezidenti “Media haqqında” qanun layihəsinə veto qoydu

Polşa prezidenti “Media haqqında” qanun layihəsinə veto qoydu

29-12-2021 10:56 / Bu xəbər 932 dəfə oxundu

Bir müddətdir Varşavada bu qanuna görə etiraz aksiyaları keçirilir

Polşa prezidenti ölkəsində təklif edilən "Media haqqında” Qanun layihəsinə veto qoyub.

Həmin qanun layihəsi uzun zamandır Polşada ictimaiyyət nümayəndələrinin etirazına səbəb olub. Hətta buna görə Varşavada dəfələrlə etiraz aksiyaları keçirilib.

Qanunun ən çox mübahisə edilən tərəfi qeyri-avropalılara Polşada media şirkəti açmağı qadağan etməsi idi.

"Reuters” yazır ki, təklif olunan layihə əsasən, hökuməti tənqid edən "Discovery”yə məxsus xəbər kanalını susdurmaq məqsədi daşıyır. Prezident qanunun qəbulunun Vaşinqtonla münasibətləri gərginləşdirəcəyini əsas gətirərək veto qoyub.

Tənqidçilər düşünür ki, bu addım NATO-ya üzv olan Polşaya ABŞ-la mübahisədən yan keçməyə imkan verib. Həmçinin qərarın prezident tərəfindən rəddi o anlama gəlir ki, hakimiyyətdəki millətçi "Law and Justice” (PiS) partiyasının parlamentdə qəbul etdirdiyi layihə onların müttəfiqi kimi seçilmiş prezident tərəfindən bloklanıb.

Prezident Andrzej Duda bazar ertəsi televiziya ilə verdiyi açıqlamada qanunun qüvvəyə minəcəyi təqdirdə ABŞ-la iqtisadi və ticarət əlaqələri haqqında imzalanmış müqavilənin tələblərini pozacağını bildirib:

"Bu qanunun təhlili zamanı nəzərdən keçirilən arqumentlərdən biri 1990-cı ildə bağlanmış beynəlxalq müqavilə məsələsi olub. Bu müqavilə investisiyaların qorunmasından danışır”, – o deyib.

Elə ABŞ da Dudanı qanun layihəsinə veto qoymağa çağırmışdı. ABŞ-ın Varşavadakı müvəqqəti işlər vəkili Bix Aliu "Twitter”-də ona "… liderliyə və ümumi demokratik dəyərlərə sadiqliyinə və Polşada investisiya mühitinin qorunmasına görə” təşəkkür edib.

Bu ay gözlənilmədən parlamentdə tələsik qəbul edilən qanunvericilik, xüsusilə ABŞ media şirkəti "Discovery Inc”-ə (DISCA.O) məxsus TVN24 xəbər kanalının fəaliyyətini əngəlləyəcəkdi.

TVN24-ün əsas şirkəti olan TVN, Polşa media şirkətlərinin 49%-dən çoxuna sahib olan, qeyri-Avropa firmalarına qoyulan qadağanı aradan qaldırmaq üçün Hollandiyada qeydiyyatdan keçən bir firma vasitəsilə "Discovery”-yə aid idi. Kütləvi etirazlara səbəb olan qanun bu həll yolunun qarşısını ala biləcəkdi.

"Bu, Polşa xalqının qələbəsidir”, – "Discovery”-nin bəyanatında deyilir: "Biz prezidenti düzgün iş gördüyünə və azad mətbuatın demokratik dəyərləri və qanunun aliliyini müdafiə etdiyinə görə alqışlayırıq”.

Duda dekabrın əvvəlində "Polsat News”a açıqlamasında keçirilən kütləvi küçə etirazlarının onun qərarına təsir etmədiyini söyləmişdi. Çünki o, artıq avqust ayında məsələ ilə bağlı mövqeyini bildirmişdi.

Duda o vaxt demişdi ki, xarici şirkətlərə məxsus media məcburi yolla yox, bazar şərtləri əsasında alınmalıdır.

PiS sözçüsü Anita Czerwinska prezidentin qərarı ilə bağlı dövlət xəbər agentliyi PAP-a bildirib ki, partiya onun qərarından "məyus” olub: "Parlament prezidentin vetosunu ləğv etmək üçün səs verə bilər, lakin PiS tələb olunan səs çoxluğuna malik deyil”.

PiS uzun müddətdir ki, xarici media qruplarının Polşada həddən artıq gücə malik olduğunu və ictimai müzakirələri təhrif etdiyi düşüncəsini müdafiə edir. 

Bununla belə, tənqidçilər deyirlər ki, onlara qarşı atılan addımlar media azadlığını məhdudlaşdırmağa çalışır. Eyni zamanda, Varşavanı Avropa İttifaqı ilə qarşıdurmalara aparır.

Duda televiziya ilə verdiyi açıqlamada deyib ki, o, ümumiyyətlə, medianın xarici sahibliyini məhdudlaşdırmağın məqsədəuyğun olduğuna inanır, lakin istənilən tənzimləmə indiki sahiblərə deyil, sektora gələcək investisiyalara aid edilməlidir.