Pompeo: ABŞ atəşkəsi alqışlayır

Pompeo: ABŞ atəşkəsi alqışlayır

19-11-2020 11:23 / Bu xəbər 879 dəfə oxundu

"Döyüş əməliyyatları başlayandan ABŞ zorakılığa son qoymağa çağırıb”

ABŞ Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır və Dağlıq Qarabağla bağlı humanitar fövqəladə vəziyyətə cavab tədbiri olaraq yeni yardım elan edir.

Bu barədə ABŞ-ın Dövlət katibi Mayk Pompeo bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, son döyüş əməliyyatları başlayandan ABŞ zorakılığa son qoymağa çağırıb və mülki şəxslər də daxil olmaqla əhəmiyyətli itki ilə nəticələnən hərbi eskalasiyanı qınayıb:

"Son döyüşlərə son qoymaq Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə nail olmaq üçün yalnız ilk addımdır. Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının güc tətbiq edilməməsi və ya təhdid edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə və bərabər hüquqlar prinsiplərinə əsaslanan davamlı siyasi həll yolu tapması üçün tərəfləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu həmsədrləri ilə ən qısa zamanda yenidən əlaqə qurmağa çağırırıq. ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ bu səylərdə tam olaraq iştirak edir”.

Eyni zamanda, ABŞ Beynəlxalq Qırmızı Xaç Komitəsinin və digər beynəlxalq təşkilatların və onların əməkdaşlıq etdikləri qeyri-hökumət təşkilatlarının son döyüşlərdən əziyyət çəkən insanlara yardım fəaliyyətlərini dəstəkləmək məqsədilə 5 milyon dollar humanitar yardım ayırdığı qeyd olunur:

"Bu maliyyə yardımı ilə ABŞ-ın Ermənistan və Azərbaycana 2019-cu maliyyə ilindən bəri göstərdiyi humanitar yardımının toplamı 10 milyon dolları aşır. Buraya COVID-19 pandemiyasına cavab vermək, həssas mühacirlərə, köçkünlərə və onları qəbul edən icmalara kömək etmək üçün ayrılmış təxminən 3,9 milyon dollar da daxildir. Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən verilən yeni yardım münaqişədən zərər çəkmiş şəxsləri qida, səhiyyə, sığınacaq və digər təcili yardımla təmin etmək üçün yerli səyləri dəstəkləyəcəkdir”.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb.

Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.

Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.