“Porno saytlara gələn bildirişlərin DİN-lə əlaqəsi yoxdur”

“Porno saytlara gələn bildirişlərin DİN-lə əlaqəsi yoxdur”

29-03-2022 17:20 / Bu xəbər 7191 dəfə oxundu

Elşad Hacıyev: ""Vətəndaşların bu cür saytlara daxil olmasında heç bir məhdudiyyət yoxdur”

Azərbaycanda 5 ildən çoxdur ki, bəzi porno saytlara daxil olan şəxslər Daxili İşlər Nazirliyindən göndərildiyi iddia edilən mesajla təhdid edilir.

Porno saytlara girərkən ekrana gələn bildirişdə deyilir ki, onlar pornoqrafik məzmunlu saytlara girdikləri üçün 80-120 manat məbləğində cərimə olunublar və telefonlarının bloklanmaması üçün mütləq bir neçə saat ərzində "Yandex.money”, "Webmoney” və "Qivi” virtual pul kisələrinə terminallar vasitəsilə cərimələri ödəməlidirlər. Bildirişdə qeyd olub ki, əgər istifadəçi cərimənin ödənilməsindən imtina etsə və ya cəriməni ödəmədən bloklanmanı açmağa cəhd göstərsə, dərhal həbs olunmaları üçün yaşayış yerlərinə əməliyyat qrupu göndəriləcək.

Daxili İşlər Nazirliyi bu bildirişin onlar tərəfindən göndərilmədiyini açıqlayıb.

Hələ 2018-ci ildə Daxili İşlər Nazirliyi bu dələduzluqla məşğul olanların kimliyini müəyyənləşdirdiyini açıqlayıb.

Nazirlik bildirib ki, kiber dələduzlar Rusiyanın Voronej şəhərində qeydiyyatda olan Valeriya Dolbilovanın adına "www. police-azerbaijan.pw” adlı sayt qeydiyyatdan keçirərək, məhz bu sayt üzərindən telefonlara kütləvi şəkildə virus-proqramlar daxil etməklə, belə bir cinayət əməlinə qol qoyublar.

Bu açıqlamanın üstündən 4 il keçsə də, Azərbaycanda porno saytlara girənlərə hələ də eyni mesaj gəlir.

Hüquqşünas Səməd Rəhimli deyir ki, istənilən cərimənin 36-48 saat ərzində ödənilməsi tələbi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə ziddir. Bu, kibercinayətdir və vətəndaşlar bu kimi halla qarşılaşdıqda həm DİN-ə, həm də DTX-ya müraciət edə bilərlər.

Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyətlə əlaqələr şöbəsinə rəisi Elşad Hacıyev Meydan TV-yə bildirib ki, Azərbaycanda porno saytlara giriş sərbəstdir, DİN adından yayılan bildirişin dövlət orqanı ilə əlaqəsi yoxdur:

Elşad Hacıyev
Elşad Hacıyev. Foto: DİN

"Vətəndaşların bu cür saytlara daxil olmasında heç bir məhdudiyyət yoxdur. Bu səbəbdən cərimədən, barəsində inzibati xəta yaradan əməldən söhbət belə gedə bilməz. O bildirişdə yazılanlar xarici serverlər tərəfindən ölkələrdə oturan kiber dələduzlardır. Vətəndaşlarımızı, xüsusilə internet istifadəçilərini bu məsələdə diqqətli olmağa çağırırıq”.

Elşad Hacıyev deyib ki, xarici serverlərdən edilən dələduzluqların üstünü açmaq çox uzun müddət tələb edir: "Biz daha əvvəllər də bu məsələni araşdırmışıq. Məlum olub ki, bu serverlər xaricdən idarə olunur. Bu serveri idarə edənlər isə digər ölkənin yuristiksiyasına daxil olduqları üçün onların axtarışı, məsuliyyətə cəlb edilməsi uzunmüddətli prosesdir”.

Elşad Hacıyev həm də bu kimi saytlarda satılan məhsulların orjinallığını yoxlamağı məsləhət görüb: "Müxtəlif brendlər var ki, onların klonlaşdırılmış internet səhifələri yaradılır və orada müxtəlif satışlar həyata keçirilir. Vətəndaşlara tövsiyə edirik ki, mütləq qaydada məhsul alarkən link kodlara diqqətlə baxsınlar”.