Postsovet dövründə despotizm

Postsovet dövründə despotizm

03-05-2021 01:42 / Bu xəbər 5889 dəfə oxundu

Altay Göyüşov

Məsələn, elementar bir nəfər ədəbiyyat tənqidçisi (bizdə yoxdur, axtarmayın) götürüb Nadir şah obrazının Azərbaycan ədəbiyyatında evolyusiyasını yazsa, hansı mənzərə çıxacaq qabağınıza? 

Maarifçilik dövründə Axundov da, Nərimanov da Nadir şahı despot, başkəsən kimi təqdim edir. Məsələn, Axundov yazır ki, Nadirdən ziyadə despot yox idi, əlavə edir ki, çoxlu qanı su yerinə axıtmışdı. Yazır ki, despot zülmünün təsiri camaatın zəifliyinə bais olub, azadiyyətdən məhrum etmişdir. 

Nərimanov isə yazır: "Nadir şah" tarixi faciəmdə mən şahın şəxsiyyətini heçə endirmişəm və başa salmaq istəmişəm ki, qaranlıqda qalan kütlənin adət olaraq qəbul etdiyi kimi, hökmdarın şəxsiyyəti heç də müqəddəs deyil".

Maarifçilik Azərbaycan camaatını qaranlıqdan işığa çıxartmaq niyyəti güdürdü.

Postsovet dövrü ədəbiyyatında isə Nadir şahdan yazanlar, olan-qalan işığı söndürüb, qaranlığa sürükləmək istəyiblər. Ad çəkməyəcəm, amma Nadir şahı təsvir edən iki müasir, indi həyatda olan müəllifin əsərini oxumuşam. Bədii əsər kimi heçdilər, bu öz yerində, amma ən əsası maarifçilik missiyası nöqteyi-nəzərindən bu qaranlıq, despotizm, başkəsənlik tərənnümü adamı dəhşətə gətirir.

Ən əsası isə odur ki, ədəbiyyatın bu "missiyasının” əsası elə Sovet dövründə qoyulub. Maarifçiliyin qaranlıq kimi təqdim etdikləri, Azərbaycan Sovet ədəbiyyatında, nə qədər qəribə də gəlsə,  bəzən açıq, bəzən dolayısı ilə işıq kimi təqdim edilib.

Yəni əslində Sovet hökuməti Axundovu da, Nərimanovu da bu camaata qəbul etdirsə də, Azərbaycan Sovet ədəbiyyatı faktiki 1930-cu illər repressiyalarından, xüsusən İkinci Dünya Müharibəsindən sonra Axundovun, Nərimanovun etdiyinin tərsi ilə məşğul idi. Yəni maarifçilik yerini başqa şeyə vermişdi ki, bu indi lap şiddətlənib.

Azərbaycanın post 30-cu illər sovet ədiblərinin əsərlərini oxuyanda despotlara, başkəsənlərə, zülmkarlara ancaq rəğbət yaranır. Niyə? Çünki öz zülmkarlarımızdır, qanı qanımızdandır. Bu, müstəmləkə  psixologiyası ilə yaşayan xalqın antropoloji reallığıdır.

Düzdür, bizim ədəbiyyatçılar içində azı iki nəfər bunu görən, anlayan professora rast gəlmişəm. Amma onları çox dar çevrə tanıyır. Hamının tanıdığı isə akademik-deputat-şahpərəst Nizami Cəfərovdur ki, maarifçilik dövrü ədibləri, başıma and içirəm ki, onu yaş yuyub, quru sərərdilər. Həm bilik səviyyəsinə, həm də elə həmçinin bundan doğan primitiv irticaçılığına görə. 

Dualizm yaranıb ki, "Müsibəti-Fəxrəddin” haqqında yazdığımda izah etmişəm. Bilirəm ki, rəsmi danışanda Fəxrəddini tərifləyirsiniz, amma səmimi olaraq Rüstəm bəy kimi olmaq istəyirsiniz. Nə olsun ki, Axundovun heykəli var, nümunə kimi onu yox, Nadir şahı görürsünüz. Elə ona görə də maarifçilikdən sonra Cümhuriyyət qurmusunuz, post-sovet dövründə despotizm. 

Bu dualizm Konstitusiyamızla reallığımız arasındakı fərqdə də öz əksini tapıb. Kağızda demokratiyayıq, parlament zad seçirik, reallıqda isə özünüz bilirsiniz ki, belə şeylər xülyadır.

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.