Pozner Gürcüstandan qovuldu

Pozner Gürcüstandan qovuldu

01-04-2021 16:06 / Bu xəbər 3078 dəfə oxundu

Rusiyalı tanınmış telejurnalist Vladimir Pozner 87-ci doğum gününü qeyd etmək üçün gəldiyi Tbilisidə siyasi fəallar və müxalifət nümayəndələrinin etirazıyla qarşılanıb. 

"Svoboda.org"un aprelin 1-də verdiyi xəbərə görə, Poznerin qaldığı hotelin qarşısına toplaşan etirazçılar onun Gürcüstanın ərazi bütövlüyünü tanımadığını, etnik gürcü və abxazları təhqir etdiyini bildirərək, onun ölkədən çıxarılmasını tələb ediblər.  Bir müddət sonra aksiyaçılar hotelə daxil olmağa cəhd ediblər, nəticədə polislə qarşıdurma baş verib. 

Bununla belə, etirazçılar hotelin elektrik enerjisi ilə təminatını dayandırmağa nail olublar.

Pozner qonaqları ilə birgə hoteli polis kardonundan keçməklə tərk edə bilib, onlar avtobusla ərazidən uzaqlaşdırılıblar.

Ölkəni tərk etmək məcburiyyətində qalan telejurnalist Tbilisi aeroportunda jurnalistlərə açıqlamasında deyib: "Mən bura siyasətdən danışmağa yox, ad günümü keçirməyə gəlmişdim". 

"Artıq Vaxtdır" müxalifət partiyasının lideri Elena Xoştariya "Exo Kavkaza" resursuna açıqlamasında Poznerin ölkəyə daxil olmasının yolverilməz olduğunu vurğulayıb: "İstənilən normal dövlət oxşar situasiyada - Rusiya sistemini təmsil edən və Abxaziyanın Gürcüstanın bir hissəsi olmadığını açıqca bəyan edən bir adamı sadəcə olaraq ölkəyə buraxmazdı. Eyni şey bizdə Qavrilovla bağlı baş vermişdi. Hökumətə xəbərdarlıq etmişdik. Onlar yenə eyni şeyi təkrar etdilər".

Gürcü hökuməti pandemiya qaydalarına riayət edilmədən məclisin təşkil olunmasına görə, Vladimir Poznerin qaldığı hoteli 10 min lari həcmində cərimələyib. Karantin və özünütəcrid qaydalarını pozduqları əsas gətirilməklə Pozner və qonaqları da cərimə olunublar.