Prezident Administrasiyası qarşısında aksiya - İrəvanda
15-01-2015 18:40 / Bu xəbər 1252 dəfə oxundu
Gümrüdə rus əsgəri tərəfindən Avetisyan ailəsinin öldürülməsinə etiraz olaraq İrəvanda keçirilən aksiyalar bu gün də davam edir.
APA-nın məlumatına görə, yüzlərlə Ermənistan vətəndaşı Rusiyanın Ermənistandakı səfirliyi qarşısına toplaşıblar. Onlar cinayətin törədilməsində şübhəli bilinən Valeri Permyakovun Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb ediblər.
Aksiya iştirakçılarının əsas şüarları “Azad, müstəqil Ermənistan”, “Suveren Ermənistan”, “Permyakov Ermənistanda ittiham olunmalıdır” olub. Onlar Rusiya bayrağını yandırmağa cəhd ediblər, lakin polis bunun qarşısını alıb. Aksiya müddətində polis və iştirakçılar arasında bir neçə dəfə qısa toqquşmalar olub.
İrəvanda Prezident Administrasiyası qarşısında da aksiya keçirilib. Aksiya iştirakçıları bəyan ediblər ki, onların rus xalqına qarşı heç bir narazılıqları yoxdur, bu səbəbdən də Rusiya səfirliyi deyil, prezidentin iqamətgahı qarşısına toplaşıblar. İştirakçıların əsas şüarları “Permyakov Ermənistanda mühakimə edilsin!” olub.
Arqument.Az












