Prezident: İran niyə işğal dövründə o bölgədə hərbi təlim keçirmirdi?

Prezident: İran niyə işğal dövründə o bölgədə hərbi təlim keçirmirdi?

27-09-2021 15:16 / Bu xəbər 1523 dəfə oxundu

İlham Əliyev İranın Azərbaycanla sərhədində hərbi təlim keçirməsini "təəccüblü hadisə" adlandırıb.

Bu barədə ölkə başçısı "Anadolu" agentliyinə müsahibəsində danışıb: "Sərhədimizin yaxınlığında İran tərəfindən keçirilən hərbi təlimə gəlincə, bu, çox təəccüblü hadisədir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr baş verməmişdi”.

O, hər bir ölkənin öz ərazisində istədiyi hərbi təlimi keçirə biləcəyini və bunun suveren hüquq olduğunu deyib: "Heç kim bir söz deyə bilməz. Lakin bunu bir zaman kəsimində təhlil etdikdə, bunun heç vaxt baş vermədiyini görürük. Niyə indi və niyə bizim sərhədimizdə? Bu sualları mən deyil, Azərbaycan cəmiyyəti soruşur. Bu sualı dünyadakı azərbaycanlılar verir. Bir sual daha verilir ki, niyə işğal dövründə o bölgədə təlim keçirilmirdi? Niyə ermənilərin Cəbrayıl, Zəngilan və Füzulidə olduğu dövrdə təlim təşkil olunmurdu? Nəyə görə biz bu torpaqları azad etdikdən, 30 illik əsarət və işğala son qoyduqdan sonra bu edilir? Bu suallar haqlı suallardır. Əlbəttə, biz bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuracaq heç bir vəziyyətin olmasını istəmirik. Bir daha demək istəyirəm, Azərbaycan burada da çox məsuliyyətli və ölçülü davranır. Bizim haqlı addımlarımıza qarşı göstərilən emosional reaksiyaların müvəqqəti olacağına ümid edirəm”.