Prezidentə sual verən cəbhəçinin 30 sutka aldığı deyilir

Prezidentə sual verən cəbhəçinin 30 sutka aldığı deyilir

19-03-2019 16:51 / Bu xəbər 1982 dəfə oxundu

"Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) martın 15-də saxlanan üzvü Aqil Hümbətova 30 sutka inzibati cəza verilib".

Bunu AzadlıqRadiosuna AXCP-dən bildiriblər.

Partiyadan verilən məlumata görə, A.Hümbətovla bağlı inzibati cəza qərarı Xəzər Rayon Məhkəməsində martın 16-da çıxarıb.

"Amma qərarı əldə edə bilmədiyimizdən onun rəsmi olaraq nədə ittiham olunduğu məlum deyil. Hazırda A.Hümbətov Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında cəza çəkir", - AXCP-dən qeyd ediblər.

Bu deyilənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bir müddət öncə A.Hümbətov sosial şəbəkələr üzərindən dövlət başçısı İlham Əliyevə videomüraciət edərək sosial vəziyyətinin dözülməzliyini, üç uşağını karton yığıb satmaqla dolandırğını bildirmişdi. A.Hümbətov videomüraciətində prezidentə bir neçə sual da verirdi: "Niyə mən uşaqlarımı küçələrdən zibil yığmaqla dolandırmalıyam? Niyə görə mən onları bir qarını ac, bir qarını tox saxlamalıyam?..".

Onun müraciətində prezidentə ittihamlar da yer alırdı. Müraciətində Azərbaycanda insana qoyulan kapitalla bağlı deyilənlərə şübhə ifadə edilirdi.

AXCP-dən bildirmişdilər ki, Zirə kənd sakini olan A.Hümbətovun müraciəti sosial şəbəkədə yayılıb və bundan sonra martın 15-də onu Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə aparıblar.

Həmin vaxt da AXCP-dən verilən açıqlamaya Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmamışdı. Amma rəsmilər, bir qayda olaraq, bildirirlər ki, ölkədə heç kim siyasi fikir və tənqidlərinə görə təqib edilmir. 

Üstəlik, rəsmilərin açıqlamasına görə, son vaxtlar ölkədə ciddi sosial tədbirlər həyata keçirilir. Onlar minimum əməkhaqqının, təqaüd və müavinətlərin artmasını buna misal göstərirlər.