Prezidenti tənqid edən fəalın döyüldüyü bildirilir
19-10-2023 20:45 / Bu xəbər 1168 dəfə oxundu
İctimai fəal Möhyəddin Orucov həbs olunub.
Oktyabrın 18-də ictimai fəala 30 sutka həbs cəzası verilib.
Bu barədə Meydan TV-yə Möhyəddin Orucovun yaxınları məlumat verib.
Yaxınlarının bildirdiyinə görə, oktyabrın 18-də axşam saatlarında polislər zəng edərək, onu Suraxanı rayonu, 32-ci polis bölməsinə çağırıblar: "Sosial şəbəkədəki səhifəsində prezidenti tənqid edib, ona görə çağırıblar. Açıq şəkildə dedilər. Möhyəddin də getdi. O gedən, bir də buraxılmadı. Bu gün eşitdik ki, haqqında həbs qərarı çıxarılıb”.
Yaxınları əlavə edib ki, Möhyəddin Orucov 32-ci polis bölməsində döyülüb, pis rəftara məruz qalıb.
İctimai fəalın həbs olunması haqda məlumatı Suraxanı Rayon Məhkəməsindən də Meydan TV-yə təsdiqləyiblər.
Məlum olub ki, Möhyəddin Orucov oktyabrın 18-də saxlanılsa da, onun həbs olunması haqda məhkəmə qərarı oktyabrın 19-da çıxarılıb.
"Möhyəddin Orucov oktyabrın 19-da saat təxminən 16.00 radələrində Suraxanı rayon Məhkəməsinə gətirilib. Onun haqqında 32-ci polis bölməsində inzibati xəta işi başlanıb, protokol tərtib olunub. Bunun əsasında məhkəmə qarşısına çıxarılıb. Bu işə məhkəmədə hakim Nərminə Rzayeva baxıb. Yekunda onun haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə qərar çıxarılıb”, – məhkəmədən bildirilib.
Son bir ayda 20-yə yaxın ictimai-siyasi fəal polisin tələbinə tabe olmama ittihamıyla inzibati qaydada həbs olunub.