Prezidentin köməkçisindən Füzulinin dağıdılması ilə bağlı çağırış

Prezidentin köməkçisindən Füzulinin dağıdılması ilə bağlı çağırış

22-11-2020 12:36 / Bu xəbər 712 dəfə oxundu

"Beynəlxalq ictimaiyyət Ermənsitanın işğal dövründə Füzulinin dağıtmasının miqyasını qiymətləndirməlidir”.

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.

O, beynəlxalq ictimaiyyətin Ermənistanın Füzuli rayonuna vurduğu ziyanın miqyasını hesablayacağı barədə bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycana akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların rəhbərləri işğaldan azad edilmiş Füzuli rayonundadırlar.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb.

Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.

Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.