“Problemin hədəfi Azərbaycan hökuməti və Xarici İşlər Nazirliyidir”

“Problemin hədəfi Azərbaycan hökuməti və Xarici İşlər Nazirliyidir”

10-05-2018 11:44 / Bu xəbər 1856 dəfə oxundu

Ermənistanın Baş naziri  Nikol Paşinyan mayın 9-da Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna gedib.

Ermənistan liderləri adətən, mayın 9-da keçmiş Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsi günü Dağlıq Qarabağa səfər edirlər.

 Rəsmi Bakı isə Paşinyanın Dağlıq Qarabağa səfər planına qəzəbli reaksiya versə də, eyni zamanda Azərbaycan hökuməti xarici jurnalistlərin bu səfər müddətində Dağlıq Qarabağa girişinə icazə verib. 

"Xairici İşlər Nazirliyi bu məntiqsiz halın izahını jurnalistlərə verməlidir”

Müsavat Partiyasının Divan üzvü Elman Fəttah Toplum.Tv-yə açıqlamasında N.Paşinyanın səfəri zamanı beynəlxalq jurnalistlərin Dağlıq Qarabağ ərazisinə girişinə Azərbaycan hökumətinin icazə verməsini birmənalı qarşılamır: "Paşinyanın Dağlıq Qarabağa səfəri, eyni zamanda onu müşayiət edən beynəlxalq jurnalistlərin həmin əraziyə səfəri mütləq Azərbaycanın razılaşdırılmasından keçməlidir. Çünki beynəlxalq hüququn tələblərinə və BMT üzrə tanınan xəritədə Dağlıq Qarabağ  Azərbaycanın ərazisi kimi təsbit olunub. Baxmayaraq ki, münaqişə davam edir, istənilən halda hüquqi prosedurlar üzrə istənilən xarici vətəndaşın həmin əraziyə səfəri birmənalı şəkildə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə əlaqləndirilməli və razılaşdırılmalıdır. Bildiyim qədəri ilə beynəlxalq jurnalistlərin və digər şəxslərin həmin əraziyə səfərlərində bu cür müraciət halları olur. Bu dəfə də jurnalistlərin səfəri Xarici İşlər Nazirliyi ilə razılaşdırılıb. Paşinyan isə düşmən ölkənin rəhbəri kimi Azərbaycan dövlətini və hökumətini tanımır. Bu hal da hüququn pozulması mənasına gəlir. Burada mühüm məsələ Azərbaycan hökumətinin davranışıdır. Hökumət burada inanılmaz həddə riyakar davranış sərgiləyərək bir tərəfdən Paşinyanın Dağlıq Qarabağa səfərini qanunsuz və yolverilməz hal kimi qiymətləndirir, digər tərəfdən isə onu müşayiət edən xarici jurnalistlərin Dağlıq Qarabağa səfərlərinə vizalar verir və icazələri tanıyır. Bu, aydın görünən riyakar hərəkətdir. Hətta bu riyakarlıq o həddədir ki, əvvəllər də çox sayda xarici jurnalistin icazəsiz Dağlıq Qarabağa səfərindən sonra Azərbaycan hökuməti onları "qara siyahı”ya salır, daha sonra onların həmin siyahıdan çıxmaq üçün müraciətlərinə müsbət cavab verir. Yekun olaraq hökumətin bu davranışının hüquqi bir nəticəsi olmur. Misal olaraq, rus müğənnisi Dimitri Uvarovu göstərə bilərik. O, dəfələrlə Dağlıq Qarabağda ermənilərin tədbirlərində çıxış etsə də, daha sonra Azərbaycan Xarici İşlər Naziliyinə yazdığı xahiş məktubu ilə onun adını ölkəyə girişinə qadağa qoyulan insanlar siyahısından çıxarıblar". 

"Düşünürəm ki, problemin hədəfi Azərbaycan hökuməti və Xarici İşlər Nazirliyidir. Hər iki tərəf izah etməli və əsaslandırmalıdır ki, nəyə görə Paşinyanın səfərini müşayiət edən jurnalistlərin sadəcə müraciətlərini hüquqa uyğun hal sayaraq müsbət cavablandırır və əslində erməni Baş nazirin səfərində jurnalistlərin qanuni iştirakını təmin edir. Bu suala Azərbaycan hökuməti cavab verməlidir. Azərbaycan hökuməti Dağlıq Qarabağı öz ərazisi hesab edərək, oraya girişi viza sisteminə uyğunlaşdırır, amma digər yandan heç bir viza tələb olunmadığı halda təsadüfən Dağlıq Qarabağa səfər edən Azərbaycan vətəndaşlığı daşıyan jurnalistləri cinayət məsuliyyətinə cəlb edir. Bu, nə məntiqə sığır, nə də hüquqla əlaqəli deyil. Ona görə ki, bura Azərbaycan ərazisi sayılırsa, Azərbaycan vətəndaşının da buraya səfəri onun cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnməməlidir. Xairici İşlər Nazirliyi bu məntiqsiz halın izahını Azərbaycan Respublikasının vətəndaşı olan jurnalistlərə verməlidir”, - E. Fəttah bildirib. 

"Bu, Azərbaycan ərazisinə qeyri-qanuni daxilolmadır"

Deputat Aydın Mirzəzadə isə məsələni şərh edərkən Azərbaycan vətəndaşı olan hər bir kəsin hökumətdən icazə almadan Dağlıq Qarabağa səfər edə biləcəyini diqqətə çatdırıb: "Paşinyanın Dağlıq Qarabağa bugünkü səfəri Azərbaycanın ərazi bütövlüyünü pozmaq anlamına gəlir. Bu, Azərbaycan ərazisinə qeyri-qanuni daxilolmadır. Onun bu səfəri beynəlxalq hüquq normalarının pozulmasıdır. Paşinyan və Ermənistanın digər rəsmi şəxslərinin Azərbaycanın rəsmi icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsi kobud sürətdə ölkəminizin ərazi bütövlüyünün pozulmasıdır. Azərbaycan bu məsələyə öz etirazını dəfələrlə bildirib". 

A. Mirzəzadə deyib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və buraya ancaq Azərbaycan vətəndaşları icazəsiz gedə bilərlər: "Dağlıq Qarabağ bizim ərazimizdir və Azərbaycan Respublikası vətəndaşı olan hər bir kəsin o əraziyə getməyə tam hüququ var. Sadəcə olaraq oraya daxil olmaq ancaq Azərbaycan ərazisindən olar və Ermənistanla müharibə şəraitində olduğumuzu görə vətəndaşlarımızın oraya daxil olması üçün başqa bir yol yoxdur. Ermənistan hökuməti Azərbaycan vətəndaşlarının dövlətimizin işğal altında olan zonasına daxil olmalarına maneçilik törədir. Dağlıq Qarabağa Azərbaycan vətəndaşlarının daxil olması üçün hökumətimizdən icazə almasına ehtiyac yoxdur. İstənilən Azərbaycan vətəndaşı ölkənin istənilən ərazisinə, o cümlədən, Dağlıq Qarabağa icazə almadan səfər edə bilər. Amma işğal altında olan əraziyə ancaq cəbhə xəttini keçməklə daxil olmaq olar. Bu isə onların həyatı üçün təhlükəlidir. Azərbaycan vətəndaşı Gürcüstan sərhəddindən Ermənistan ərazisinə keçsə və ona maneçilik törətməsələr, yenidən Azərbaycan ərazisinə daxil olduqda ona heç bir problem yaradılmayacaq. İndiyə qədər dəfələrlə belə hal olub. Məsələn, Azərbaycan saytlarından birinin rəhbəri vaxtilə dəfələrlə Ermənistan ərazindən işğal olunan ərazilərimizə daxil olub və bu hərəkətinə görə o, hər hansı bir cinayət məsuliyyəti daşımayıb”.

1988-ci ildə Ermənistan və Azərbaycan arasında münaqişə  başlayıb. Bunun nəticəsində Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub, hazırda münaqişə öz həllini tapmayıb.

Ofelya Ramilqızı
Toplum.TV