Problemlər – gizli imkanlardır...
24-04-2020 01:00 / Bu xəbər 1506 dəfə oxundu
Və ya pandemiya zamanı dövlət nə etməli?..
Nizami Bağırov
"Dünya artıq əvvəlki kimi olmayacaq", - son zamanlar bu ifadəni daha tez-tez eşidirik: siyasətçidən, iqtisadçıdan, həkimdən, psixoloqdan, bu sözləri ordan-burdan eşidən, lakin hələ də mahiyyətini tam dərk etməyən sadə insandan...
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılmasını qlobal pandemiya elan edəndən sonra vəziyyətin ciddi və skeptiklərin fikrinə əks olaraq (onlar hələ də öz fikirlərində qalıblar) bu virusun çox təhlükəli olduğu ortaya çıxdı. Amma bir şey aydındır ki, bu vəziyyət, insanların (virusa yoluxub-yoluxmamağından asılı olmayaraq), dövlətlərin və ümumiyyətlə bəşəriyyətin həyatını, o cümlədən sosial, iqtisadi və siyasi münasibətlərini dəyişməyə qadirdir və dəyişir də...
Əlbəttə ki, COVİD-19 virusunun yüksək "öldürücü" qabiliyyətinə malik olmasına baxmayaraq, pandemiya prinsipcə dünya üçün yeni bir hal deyil. Tarix boyu bəşəriyyət davamlı olaraq təhlükəli xəstəliklərin yaranması və yayılması ilə üzləşib (taun, xolera, "ispan” qripi və s) və hər dəfə də böyük sayda itki verərək inkişafını bərpa edib, səhiyyə sisteminin güü ilə daha da irəli gedib. Lakin mövcud pandemiya ilk dəfə olaraq bir növ "vahid orqanizmə” çevrilən qloballaşan dünyada, həm də öz mənfi və müsbət xüsusiyyətləri ilə baş verir. Bu ”vahid orqanizm”, liberal (əsasən liberal) prinsiplərə əsaslanaraq "bir göz qırpımında” istənilən xəbəri dünya miqyasında "tirajlamağa”, milyardlarla kapitalı, işçi qüvvəsini, hərbi birləşmələri dünyanın bir nöqtəsindən digər nöqtəsinə "daşınmasına” imkan verir.
Şübhəsiz, pandemiya, durğunluğa və dərin iqtisadi böhrana, turizmin "çökməsinə”, insanların həyat tərzində və dünyagörüşündə dəyişikliklərə, dinin populyarlaşmasına, cinayətlərin artmasına səbəb olur və olacaq da (bunu hələ tam hiss etmirik). Bir çox hallarda bu dəyişikliklər, vətəndaş-təsisatlar-siyasi hakimiyyət "zənciri”nin möhkəmliyi və etibarlılığından asılı olaraq qısamüddətli və əhəmiyyətsiz, çox ciddi və uzunmüddətli olur...
Böhran dövründə bir çox ölkələr "hərə özü üçün” prinsipinə əsaslanaraq (Henri Kissincer bunun əksini tövsiyə edir), dost-düşmən bilmədən iqtisadi "eqoist” olur, sərhədləri bağlayır, tələb və qaydaları sərtləşdirirlər. Avropa Birliyi daxilində sərhədlərin bağlanması və İtaliyanın "tək” buraxılması, ABŞ-a immiqrantların girişinin bağlanması, amerikalılar tərəfindən Asiyada almanlara məxsus tibbi ləvazimatların "çırpışdırılması” buna bariz nümunədir.
Pandemiya bir çox dövlətlərin, o cümlədən Azərbaycanın iqtisadi və sosial xarakterli çoxsaylı zəif tərəflərini "ifşa" etdi: bazar iqtisadiyyatının "seçilmişlərə” aid olması, inkişafdan və müasir trendlərdən xroniki geri qalması, "yalançı” statistika, səhiyyənin hazırlıqsızlığı, geniş yayılmış yoxsulluq və işsizlik, artan sosial bərabərsizlik və dini fundamentalizm, təhsildə "boşluq”lar, korrupsiya və s.
Kimdir günahkar və ya nə etməli?
Rus cəmiyyətini isə "əbədi” narahat edən bu iki sual - dilemma arasında 17 il fərq var. Tarixə baxsaq, Gertsen cəmiyyətə "Kimdir günahkar?” sualını verəndə 17 il sonra "Nə etməli?” sualına cavab axtaran Çernışevskinin cəmi 18 yaşı vardı və rus cəmiyyətində (yəqin ki, tək rus cəmiyyətində deyil) hazırda da hansı suala cavab tapılmasının önəmli olması barədə mübahisələr gedir...
Bizimlə bağlı onu deyə bilərəm ki, 17 il geri qayıdıb "Kimdir günahkar?” sualı ətrafında mübahisələr bu gün faydasızdır, çünki bunlar yalnız gələcəkdə edilməli olan işləri görməyimizə mane olur.
Hər bir böhranın problem və təhlükələri altında vəziyyətin müsbət tərəflərini və üstünlüklərini, imkanları və perspektivləri, inkişaf etmək üçün yaranan şansları görmək mümkündür, yəni pis şeylərin müsbət tərəflərini axtarmaq lazımdır.
Rəhmətlik Con Kennedinin gözəl sözü vardı: "Çin dilində "böhran” sözü iki simvoldan ibarətdir: biri "təhlükə”, digəri isə "şans” anlamını verir".
Bəli, hər bir böhran, problem öz-özlüyündə gizli imkandır.
Bəs belə olan halda "Nə etməli?” və nədən başlanılmalıdır? Bu suala cavab axtararkən məhşur repçi Eminemin baş rolda çəkildiyi "8 Mil” filmi yadıma düşdü. Filmin süjeti ondan ibarətdir ki, "dovşan” təxəllüslü bir ağ dərili oğlan afroamerikanlıların "monopoliyasında” olan "rep deyişməsi” yarışına can atır. Belə deyişmələrin məğzi rəqibin zəif "nöqtələrinə” vurub onu alçaltmaq (tam bizim meyxana deyişmələri kimi) və tamaşaçıların rəğbətini qazanmaqla qalib gəlməkdir.
Filmin sonlarına təsadüf edən yarışın finalında əsas qəhrəman digərlərindən fərqli olaraq özü özünü "alçaltmış” (kasıb olmasını, anasının gündə bir kişi ilə görüşməsini, istədiyi qızın dostu ilə xəyanət etməsini və s) və rəqibin onun "zəif nöqtələrindən” vurma silahını əlindən alaraq onu "mat” vəziyyətinə qoymuşdu. Filmin baş qəhrəmanı, sadəcə, öz "eyiblərini” etiraf edir, rəqibin deyə biləcəyi həqiqətləri özü deyərək istəyinə nail olur.
Bəli, "acı həqiqəti" etiraf etmək, problemləri dilə gətirmək uğurun bir açarıdır, rahatlıq mənbəyidir, "çiyinlərdə” yığılan böyük yükdən azad olunmaqdır, eynilə keşişin qabağında tövbə edib rahatlaşan bir xristianın nümunəsində olduğu kimi.
Bu vəziyyətdə insanımıza, cəmiyyətimizə ilk olaraq yavaş-yavaş görülən (hörmətli Erkin Qədirli ithafən) sadə işlər, ən azı mövcud olan problemləri dilə gətirmək lazımdır. Yəni ilk atılmalı addım etirafdır, nə qədər sadə görünsə də...
Karl fon Klauzevits demişkən: "Müharibədə hər şey sadədir, lakin ən sadə şeylər belə çətin alınır”.
Pandemiya nəinki bizi, hətta inkişaf etmiş dövlərləri belə "diz üstünə qoyub”. Hər yerdə yoxsul və işsizlərin "ordusu” artır, iqtisadi "zəncirlər” qırılıb, kiçik və orta biznes "koma” vəziyyətindədir. Bu problemləri dilə gətirən dövlətləri, hakimiyyətləri isə "lağa” qoyub, onların vəziyyətinə gülmək çıxış yolu deyil...
Həqiqətləri etiraf etmək isə həm də problemlərdən çıxış yolunu göstərə bilir.
Bəlkə də, məhz 7 uşaq anası, Almaniyanın sabiq müdafiə naziri və hazırda Avropa Birliyi Komissiyasının Prezidenti olan Ursula fon Lyanenin etirafı və üzrxaqlığı Avropa Birliyinin dağılmasının qarşısını aldı.
O, Avropa Birliyi üzvlərinin çətin zamanda bir-birlərinə arxa çevirməsini, böyük problemlərin olduğunu etiraf edərək İtaliya xalqından vaxtında və lazımınca "əl” tuta bilməməsinə görə üzr istəmiş və birliyə çağırmışdı. Məhz bundan sonra Birliyə üzv ölkələr antiböhran paketinin şərtlərini razılaşdıra bildilər.
Görünən odur ki, şərtlər dəyişib Ona görə də indi məqamdır, şansdır. Bundan sonra bizə "varlı” deyib Gürcüstandan, Ermənistandan, Ukraynadan qat-qat az maliyyə yardımı etməzlər, Qarabağın statusunu "qeyri-müəyyən” kimi saxlamazlar. Landromat da unudular.
Hesab edirəm ki, 5-10 il bundan əvvəlkilərindən fərqli olaraq, heç bir siyasi iddiası olmayan hazırki texniki hökumət (Nazirlər Kabineti) üçün bunu etmək daha rahatdır.
Sadəcə, hakimiyyət ilk olaraq bu həqiqətləri etiraf etməlidir:
- bazar iqtisadiyyatın qanunları hamı üçün eyni işləmir;
- ölkədə işsizlərin sayı açıqlanandan daha çoxdur;
- yoxsulluğun səviyyəsi heç də 5% deyil;
- insanların aldıqları məvaciblər (pensiya, müavinət və s.) ölkənin potensialına uyğun deyil;
- qanunların tətbiqi səviyyəsi şəxslərdən asılı olaraq dəyişir;
- insan hüquq və azadlıqları sahəsində kifayət qədər problem var;
- insanların məhkəməyə inamı "0”a bərabərdir;
- bir çox məmurlar "öz yerlərində” deyillər;
- bir çox millət vəkilləri "öz gücünə” parlamentdə oturmayıblar;
- təhsilin və tibbin vəziyyəti acınacaqlıdır.
Mən bir vətəndaş kimi bu etirafları (hətta 1/3 hissəsini belə) eşitsəm, görsəm, duysam, çox məmnun olaram, rahatlanaram, "işıqlı” gələcəyə inamım, siyasi hakimiyyətə etibarım artar.
Deyəsən, bunu yavaş-yavaş duymağa başlayırıq. Deputat Vahid Əhmədovun çıxışı (işsizlərin həqiqi sayı barədə) və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bugünkü qərarı məni bir balaca ümidləndirdi...
Ardı var












