Prokuror Akif Çovdarova 15 il cəza istədi

Prokuror Akif Çovdarova 15 il cəza istədi

16-08-2017 17:10 / Bu xəbər 1046 dəfə oxundu

Bu gün, avqustun 16-da Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclasda prokuror çıxış edib.
 
Dövlət ittihamçısı Akif Çovdarovun rütbələrdən, fəxri adlardan, 3 il rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə 15 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. 
 
Prokuror digər təqsirləndirilənlər - Səlim Məmmədovun 12 il, Akif Əliyev və Orxan Osmanovun hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilmələrini  istəyib. 

Akif Çovdarov 2015-ci il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib. Hazırda 19 nəfər həbsdədir.

A.Çovdarova və onunla birgə hakim önünə çıxarılanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.