Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib
28-12-2024 16:45 / Bu xəbər 70 dəfə oxundu
Dövlət ittihamçısı həmçinin fəalın əmlaklarının müsadirəsini tələb edib
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə bir il davam edən məhkəmə istintaqı dekabrın 28-də yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror Eldar Həmzə çıxış edərək Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib.
Bəxtiyar Hacıyev tutulandan sonra onun Bakıda yaşadığı mənzilin, bankdakı hesabının üzərinə həbs qoyulub.
Prokuror üzərində həbs olan əmlakların da müsadirə olunmasını təklif edib.
"Belə getsə, bu mənə ömürlük istəyəcək…”, – Bəxtiyar Hacıyev dövlət ittihamçısının çıxışına reaksiya verib.
Prokuror iddia edib ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1 (məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma – xeyli miqdarda törədildikdə), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələrilə irəli sürülmüş ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib.
Lakin bunlardan saxta sənəd və s. ittihamlar üzrə məsuliyyətə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin olunmamalıdır.
Bəxtiyar Hacıyevin məhkəməsi yanvarın 6-da davam edəcək.
Növbəti məhkəmə iclasında ictimai fəalın vəkilləri müdafiə nitqilə çıxış edəcək.
Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub.
Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü.
Onunla bloger Ülviyyə Muradova (Alovlu) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur.
İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.
2023-cü il iyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb.
Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır.
Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir.
İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.
Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.