Prokuror Əvəz Hafizlinin qətlində təqsirləndirilən şəxsə iş istədi

Prokuror Əvəz Hafizlinin qətlində təqsirləndirilən şəxsə iş istədi

26-07-2022 01:24 / Bu xəbər 771 dəfə oxundu

Reportyorun qardaşı cəzanı ağır hesab etdi

Bir sıra internet televiziyalarıyla əməkdaşlıq edən reportyor Əvəz Hafizlini (Şıxməmmədov) qətlə yetirməkdə ittiham olunan əmisi oğlu Əmrulla Güləliyevin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

İyulun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror ona 10 il 6 ay həbs cəzası istəyib.

Reportyorun qardaşı, onun hüquqi varisi qismində tanınan Təbriz Şıxməmmədov isə prokurorun istədiyi cəzanı ağır hesab edir.

"Əmrulla Güləliyev bizə qardaş kimidir, ailəmizin bir üzvüdür. Ona görə də bağışlayırıq. Hesab edirəm ki, prokuror yüngülləşdirici halları nəzərə almayıb. 7 il cəza verilsin…", – Təbriz Şıxməmmədov çıxışında bildirib.

O, məhkəməyə anasının da şikayətçi olmaması haqda yazılı ərizə təqdim edib.

Məhkəmə prosesini izləməyə gələn bir sıra ictimai fəallar zərərçəkmişin hüquqi varisinin bu cür mövqeyinə etiraz edib. Hakim prosesə müdaxiləyə görə onlara xəbərdarlıq edib.

Təqsirləndirilən Əmrulla Güləliyevin vəkili də prokurorun istədiyi cəzadan narazı qalıb: "Bu, Əmrullanın ilk cinayətidir. O, əməlinə görə peşman olduğunu da dilə gətirib. Zərərçəkmişin hüquqi varisi də bildirdi ki, onar bir ailənin üzvü olublar. Hesab edirəm ki, Əmrulla Güləliyevin cinayəti etiraf etməsi, peşman olması və zərərçəkmiş tərəfin onu bağışlaması yüngülləşdirici hallardır. Əmrulla Güləliyev cəmiyyət üçün yararlı insandır, heç bir psixi pozuntusu yoxdur. Belə bir insanı uzun müddətə cəmiyyətdən təcrid etməyə zərurət yoxdur. Dövlət ittihamçısının təklif etdiyi cəza ağırdır. Ona verilən cəza ədalətli olmalıdır, yüngülləşdirici hallar nəzərə alınmalıdır”.

Məhkəmə prosesi iyulun 29-da davam edəcək. Həmin məhkəmə iclasında təqsirləndirilən şəxs son sözünü deyəcək, ardınca hökm oxunacaq.

Hadisə fevralın 22-də günorta saat 16 radələrində Bakının Sabunçu rayonu, balaxanı qəsəbəsində Əvəz Hafizlinin yaşadığı evin həyətində baş verib.

24 yaşlı Əmrulla Güləliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur. 

Əvəz Hafizli də onu qətlə yetirməkdə ittiham olunan əmisi oğlu ilə həmyaşıd idi.

Əvəz Hafizli reportyor olmaqla yanaşı, həm də LGBTQ+ fəalı kimi tanınırdı. O, LGBTQ+ insanlarının hüquqlarıyla bağlı etiraz aksiyalarında da iştirak edirdi.

Əmrulla Güləliyev məhkəmədə ifadəsində əmisi oğlunu onun cinsi orientasiyasına görə mübahisə zəminində qətlə yetirdiyini bildirib: "Nəslimizin adını batırırdı. Ona dəfələrlə dedim ki, bu yoldan qayıtsın. Yolunu azmışdı, əxlaqsızlıq edirdi. Həmin gün də aramızda mübahisə yarandı. Mənə dedi ki, "bu, mənim sənətimdi, get, işinlə məşğul ol”. Mən də əsəbiləşdim, Əvəzin evindəki mətbəxdən bıçağı götürüb vurdum. Özümdə deyildim, neçə bıçaq vurduğum yadımda deyil. Öldürüb çıxdım…”(Meydan TV)