Prokuror hakimə “mən pas” deyəcək, yoxsa hakim icra başçısı haqqındakı böhtanlara inanacaq?

Prokuror hakimə “mən pas” deyəcək, yoxsa hakim icra başçısı haqqındakı böhtanlara inanacaq?

18-08-2024 13:47 / Bu xəbər 545 dəfə oxundu

Diqqətli Azərbaycan, ilk növbədə isə əziz Lənkəran şəhər əhalisi həsrətlə gözləyir ki, Lənkəran şəhər bələdiyyəsinin keçmiş sədri haqqında açılmış cinayət işi ilə bağı Lənkəran Rayon Məhkəməsi hökm çıxarmağı niyə bu qədər yubadır?

Mövzu ilə bağlı qısa araşdırma etdik: avqustun 22-nə məhkəmə iclası təyin olunub!

Bu ölkəni basıb-yeyənlərin yadında və vecinə olmaz yəqin ki! Ancaq ehtiyac içində olan sadə vətəndaşlar vergiödəyicisi kimi və müxalifətçi olduqları üçün şillə-təpik altında olan kəsim unutmur:
Lənkəran şəhər bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyeva əvvəl saxta arayış vermək adı ilə "müraciət əsasında” istintaqa cəlb olunmuş, sonra "maddələr çələngi” ilə istintaqı aylarla davam etmişdi! Hətta Baş Prokurorluq bəyanat da yaymışdı!

Bir çox saytlar, o cümlədən həmkarlarımız olaraq, bizim media məsələni gündəmdə saxlamışdı bir müddət. Üstəlik, vəkillərdən kimisə də tapıb soruşmuşdular ki, Aygün Mirzəyevanı neçə il həbs gözləyir bu "maddələr buketi” ilə? 

Hüquq-mühafizə orqanlarına da replika atdılar ki, nə əcəb adam haqqında istintaq müddətində həbs qətimkan tədbiri seçmirsiniz!?

Baş Prokurorluğun məlum bəyanatından, mətbuatın hay-küyündən sonra ajiotaj "istintaq davam edir” arqumenti ilə bir az səngidi. Nəhayət ki, Lənkəran Prokurorluğu xüsusilə külli miqdarda vəsaitin yeyintisi, qazanc məqsədilə sənədlərin saxtalaşdırılması, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı və səhlənkarlığı ilə əksini tapmış çox qalın cildli işi dövlətə 50 min manata yaxın ziyan olmaqla göndərdi məhkəməyə...
Məhkəmədən nə xəbər bəs?
Hakim barmağını... basmır zənginə!
Sualı-sorğusu guya da ki... uzun çəkir!!
Nədən, əfəndilər?
Yəni belə çıxır: Lənkəran məhkəməsinin hakimi işlə tanış olandan sonra görüb ki, Lənkəran Prokurorluğunun apardığı istintaqda saxtakarlıq, şişirtmə o qədər çox olub ki, Aygün Mirzəyevanın saxtakarlığı, vəzifə həddini aşma, vəzifə səhlənkarlığı, bələdiyyə vəsaitinin mənimsənilməsi onlarla müqayisədə toya getməlidir?

Ya Lənkəran məhkəməsinin hakimini məhkəmə istintaqı zamanı Aygün Mirzəyeva inandıra bilib ki, o aydan arı, sudan durudur, camaatdan yığılan pulların bir qəpiyinə də toxunmayıb, uşaqları günlərlə ac qalsa da, icra başçısı Taleh Qaraşov onu Rasilə Əliyevanın sözü ilə tutdurur? O da gözləyir ki, Taleh Qaraşov işdən çıxarılsın, işi xətm eləsin?

Doğrudandamı, Lənkəran Prokurorluğu konkret və qəti qərar qəbul etmək üçün layiqincə və lazımınca istintaq apara bilməyib, istintaq müddətində kifayət qədər tutarlı fakt üzə çıxarmayıb, elə Aygün Mirzəyeva deyən kimi, Taleh Qaraşov "sifariş” edib deyə "ala başına-kül başına” ağ sapla qara don tikib?

Biz məlum cinayət işinin əlimizdə olan materiallarının təfsilatını çözmək fikrində deyilik – lazım gələrsə, işin hər səhifəsini yayımlaya bilərik!
Sadəcə, sual veririk... Lənkəran Rayon Məhkəməsinin nəsillikcə və tayfalıqla hakim dinastiyasının üzvü hakim Murad müəllimə:
- Alınmır, rəis, Aygün Mirzəyevanın haqqında hökm çıxarmaq?
50 min manata yaxın pulun aqibəti necə olub? Ödəyib Aygün Mirzəyeva?

Yoxsa Siz də (Lənkəran Prokurorluğu onun qadınlığını nəzərə alıb, 50 minə qədər yeyintini rəsmiləşdirib ki, işinə ağır cinayətlər məhkəməsi baxmasın) işi uzadırsınız ki, dəyən ziyanı tam ödəsin, şərti cəza verməyə razılaşıbsınız?

Niyə və necə olur, guya xaricdən qrant alanları – "xarici təşkilatdan pul alıb yeyənləri" həmən həbsə alırsınız, ağına-bozuna baxmırsınız ki, yetim qızdır, təzə nişanlanıb, xəstə anası var, heç yaxınları bir yana, vəkilləri ilə görüşə icazə vermirsiniz, ancaq Azərbaycanda azərbaycanlının ödədiyi vergini basıb yeyənlərə növbə çatanda qadın olmağını nəzərə alırsınız?

Xeyir ola – bu nə mərhəmətdir Sizdə: camaatın ödədiyi vergini basıb yeyəndə qadın deyildi ki? Siz istintaq aparıb qərar çıxarmısınız e, 50 min manata yaxın pul basılıb yeyilib! Siz demisiniz e bu faktı – müxalifətçi kimsə iqtidarı ittiham etmək üçün deməyib, boş verirsiniz!

Bizə həm də o maraqlıdır: Aygün Mirzəyeva bələdiyyənin timsalında dövlətə olan borcunu qaytarıbmı? Ola bilər hakim qardaş bilmir Aygün Mirzəyeva nəinki vətəndaşdan, ümumiyyətlə, istənilən kimsədən, hətta anası-bacısı olsa belə, aldığı pulları qaytarmaqdan imtina edən birisidir - istəsə də on ilə qaytara bilməz (hansı maaşla, hansı gəlirlə, hansı bizneslə?), ancaq söhbət dövlətdən gedir!

Çoox maraqlıdır: Lənkəran Məhkəməsinin timsalında hakim Murad bəy Aygün Mirzəyevaya Dövlətə olan borcunu qaytartdıra bilir, yoxsa "bacım evində qalıram, uşaqlarım acdır” yalanını YÜNGÜLLƏŞDİRİCİ HAL kimi qəbul edib, "samıy qumannıy sud Lenkorana” imici sərgiləyəcək?

Dövlətə olan borcunu ödəmək üçün prokurorluq məhkəməyə əmlakını müsadirəyə yönəltmək üçün villası olduğunu qeyd etməyib ki? Yoxsa, Lənkəran prokurorluğu doğrudan da inanıb ki, Aygün Mirzəyeva evsiz-eşiksiz bir dövlət fədaisidir, Taleh Qaraşov onu şərlətdirir?! Ya da hakimin diqqətini cəlb etmir həyat yoldaşını iki yerdə öz tabeçiliyinə alıb işə götürməsini?

"Nissan Altima” markalı maşınını məhkəməyə qədər satıb əmlakları siyahısından çıxarmasına hakimin gözünü yumması üçün hardan və NECƏ çöp düşüb? Day orasını demirik də, ayrı-ayrı adamların, qohumlarının adına rəsmiləşdirdiyi bələdiyyə torpaqları həm prokurorluqda istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı diqqətdən kənar qalacaq – Aygün Mirzəyeva da Heydər Əliyevin dostu Xanış kişinin dedikləri adamlardan geri qalmır: "Bunların hərəsinin dörd-beş evi, altı-yeddi maşını, ik-üç arvadı var, hamısı da başqasının adına!”

El arasında deyildiyi kimi, Aygün Mirzəyeva məşhur ekstrasens və illüzionist Denis Kopperfildi iki dəfə Xəzərə, üç dəfə Qara dənizə, dörd dəfə də Maldiv adalarına susuz aparıb, susuz gətirər, o da ola Lənkəran Prokuroluğu ilə Lənkəran məhkəməsinin hakimi!

NƏHAYƏT: bizə həm də o maraqlıdır: Prokuror kişi kimi sözünün üstündə, yəni istintaqını aparıb dövlət əmlakını mənimsəməsi barədə Aygün Mirzəyeva haqqında yaydığı bəyanatın müdafiəsində duracaq, qanunun aliliyini təmin edəcək, yoxsa onların da gözünə qızıldan "çöp”, xarici valyutadan ABŞ dolları, BB funt-sterlinqi, Aİ yevrosu "düşəcək”, "Lənkəran prokurorluğu pas gedir” deyəcək!?

Nə deyək, vallah! Biz biləni, Baş Prokurorluğa söz deməyə, zəng eləməyə bu ölkədə elə bir cəsarətli kişi, vəzifə sahibi tanımırıq! Ki... desin: "Xalqın ödədiyi vergini basıb yeyəni buraxın getsin!”

Bu sözü deyə biləcək bir nəfər var, o da inanmıram desin – özü elələrinə düşməndir!

Mövzu diqqətdədir və mütəmadi maraqlanacağıq, məlumat verəcəyik!

Haydı, bakalım...

P.S. Bu prosesi niyə diqqətlə izlədiyimizin səbəbini deyək: məlum cinayət işiylə bağlı mətbuatın suallarına Aygün Mirzəyeva ona şər-böhtan atıldığını deyəndən sonra, "müraciət əsasında” bir epizod üzrə ("sənədlərin saxtalaşdırılması”) başlanan cinayət işi "şişdi” oldu 6 maddə.

"Maddələr çələngi”, yəni. Yeyintinin mənimsənilməsinin miqdarı 39 min manat nə qədərsə bəyan edildi!

İndi sual budur: Lənkəran Prokurorluğu məhkəmədə iddia etdiyi maddələrlə qərar verdiyi cinayət işini müdafiə edib haqlı cəzanın verilməsinə nail olacaq, yoxsa hakimin "şərti cəza” "humanistliyi”nə göz yumacaq, Lənkəran camaatının da "başçının müavini tutdururdu, amma Aygün Mirzəyevanın adamı güclü oldu” şayiəsinə meydan verəcək?

"Dövlət, Dövlət” deyənlərin səsi indi gəlsin, biz də eşidək!

Almadıqları, yemədikləri, mənimsəmədikləri, mənbəyi bilinməyən, ortada toy toğlusu kimi gəzdirilən "BİCBALA 40 min ABŞ dolları"na DÖVLƏT DAYDAYILIQ EDİB TƏƏSSÜBÜNÜ çəkir, 4-ü QADIN olmaqla onlarca jurnalist, partiya rəhbəri, QHT sədri partapart tutulur, amma FAKTİKİ Dövlətin büdcəsinə getməli və xalqın rifahına sərf olunmalı MƏLUM 50 min manata KİM YİYƏLİK edəcək, yoxsa, Azərbaycanın sərvətləri, pulu dağıdılmaq, basıb-yeyilmək üçündür?

Zamiq Nüsrətov,
Lənkəran Şəhər Bələdiyyəsinin keçmiş rəhbərliyindən zərərçəkən 
 
Redaksiyadan: Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir, "Arqument.az" səsləndirilən iddialarla bağlı məsuliyyət daşımır. Yazıda adıçəkilən qurumların da mövqeyini dərc etməyə hazırıq.