Prokurorluq: “41 qızıl külçəsinin hava limanından keçirilməsi əvvəlcədən razılaşdırılıb”
08-01-2025 18:09 / Bu xəbər 79 dəfə oxundu
Qurum gömrük əməkdaşının hava limanından qanunsuz qızıl keçirdiyini təsdiqləyib
Bakıda hava limanında 4 kiloqrama yaxın qızıl keçirmək istəyərkən saxlandığı iddia olunan Dövlət Gömrük Komitəsinin əməkdaşı Əfsər Mirzəliyevin haqqında Meydan TV bu günlərdə məlumat vermişdi.
Onun həbsi və qızıl külçələrin qaçaqmalçılıq yoluyla keçirilməsi cəhdi haqda xəbəri Baş Prokurorluq da təsdiqləyib.
Baş Prokurorluğun məlumatında bildirilir ki, 27 dekabr gecə saat 04:50 radələrində İstanbul-Bakı aviareysi ilə gələn Səfər Səfərov üstündə çəkisi 3 kiloqram 145 qram olan 41 ədəd qızıl külçə gətirib.
İddia olunur ki, Səfər Səfərov qızılı gömrükdən kənar keçirmək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Əfsər Mirzəliyevlə əvvəlcədən razılaşıb.
Qızılın ümumi dəyərinin 461 min manat olduğu bildirilir. Həm Səfər Səfərov, həm də Əfsər Mirzəliyev həbs olunub.
Onlar haqqında cinayət işi üzrə araşdırmalar əvvəl Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində getsə də, sonradan Korrupsiyaya Qarşı Mübarizə İdarəsində davam etdirilib.
Səfər Səfərova qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə həm CM-in 206.3.2, həm də 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
Noyabrda Azərbaycanın ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi, polkovnik-leytenant Qəhrəman Məmmədov Türkiyədə 70 kiloqram qızıl külçə ilə tutularaq, Azərbaycana gətirilib.
Bu qalmaqalla bağlı istintaq isə Dövlət Təhlükəsizliyi Xidmətində davam edir.
İttihama görə, Qəhrəman Məmmədov noyabrın 22-də ABŞ-dən Türkiyəyə gəlib. Həmin gün də onunla əlbirlikdə ittiham edilən Anar Qasımov Birləşmiş Ərəb Əmirliklərindən qızıl külçələri İstanbula gətirib.
İçərisində külçələr olan çantanı hava limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyub.
ABŞ-dən eyni hava limanına düşən Qəhrəman Məmmədov öncədən razılaşdıqları yerdən külçələri götürüb, diplomatik pasportundan və bu pasportun verdiyi imtiyazdan istifadə edərək hava limanında qızıl külçələri gömrüyə bəyan etmədən çıxarıb.
Qızıl külçələri Anar Qasımova təhvil vermək üçün taksi ilə İstanbuldakı hotellərdən birinə gedərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlayıb.