Prokurorluq Hacı Şahinin ölümü ilə bağlı araşdırma aparır

Prokurorluq Hacı Şahinin ölümü ilə bağlı araşdırma aparır

02-03-2023 16:40 / Bu xəbər 714 dəfə oxundu

Köməkçisi: "Əvvəllər ilahiyyatçının ürəyində heç bir problem olmayıb"

Hacı Şahin Həsənlinin ölümü ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilib ki, 1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli martın 2-də vəfat edib.

Sosial şəbəkələrdə və mediada onun ölümü birmənalı qarşılanmayıb və müxtəlif iddialar var. 

Hacı Şahinin köməkçisi "bakupost"a bildirib ki, əvvəllər ilahiyyatçının ürəyində heç bir problem olmayıb.

TƏBİB nə deyir? 

TƏBİB Hacı Şahin Həsənlinin ölümünün səbəbini açıqlayıb.

Hacı Şahin son mənzilə Məşədi Dadaş məscidindən yola salınıb və o, Yasamal qəbiristanlığında dəfn edilib.

Bildirilir ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub.

TƏBİB-dən Meydan TV-yə göndərilən press-relizdə qeyd olunur ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb: "Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb”.

"Ailəsinin bildirdiyinə görə, Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib”, – deyə məlumatda qeyd olunub.

Hacı Şahin kimdir? 

Hacı Şahin Həsənli 1974-cü ildə Bakı şəhərində doğulub.

O, 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub.

1995–1997-ci illərdə hərbi xidmətdə olub.

1999-cu ildə universiteti bitirib.

Hacı Şahin 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.

2007-ci ildə "Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib.

2013-cü ildə "Məşədi Dadaş” məscidinə axund, 2014-cü ildə isə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.