Prokurorluq hərbçinin qardaşının dediklərini araşdırır

Prokurorluq hərbçinin qardaşının dediklərini araşdırır

16-09-2022 23:53 / Bu xəbər 568 dəfə oxundu

Müdafiə Nazirliyindən isə ikinci videonu görmədikləri deyilir

Son döyüşlərdə həlak olan hərbçi Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun yayılan ilk videosunda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları araşdırma aparır.

Baş Prokurorluğun yaydığı məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar da tam və hərtərəfli araşdırılır:

"Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsinlər”, – prokurorluq qeyd edib.

Ermənistan-Azərbaycan sərhədində son toqquşmalar zamanı həlak olan əsgər Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov sentyabrın 14-də verdiyi və sosial şəbəkələrdə yayılan açıqlamada qardaşı Səbuhi Əhmədovdan komando briqadasına qəbul olmaq üçün 6 min manat rüşvət alındığını deyib.

O əlavə edib ki, qardaşı həmin pulu bankdan kreditə götürüb verib.

Bir gün sonra Müdafiə Nazirliyi Səbuhi Əhmədovun qardaşının rüşvət iddiasının araşdırılacağını bildirib.

Həmin məlumatda deyilirdi ki, Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş olub.

"Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Müdafiə nazirinin tapşırığına əsasən, hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək”, – cavabda bildirilib.

Sentyabrın 16-da isə Sənan Əhmədov yenidən video-müraciət yayıb. O, daha öncə qardaşının rüşvət verərək vəzifə dəyişikliyinə getdiyi ilə bağlı dediklərini yalanlayıb.


Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov. 
Foto: "Qafqazinfo.az”

"Sosial şəbəkələrdə qardaşımın vəzifə dəyişikliyinə görə verdiyi 6 min manat məsələsini araşdırdım. Aydın oldu ki, həmin kreditin götürülmə səbəbi vəzifə dəyişikliyi ilə bağlı deyilmiş. O, krediti ailədaxili məsələlərə görə götürübmüş. Diqqətinizə görə çox sağ olun, amma bu məsələləri qaldırıb ailəmizi də, qardaşımın ruhunu da incitməyək”.

Sosial şəbəkədə insanlar həlak olan Səbuhi Əhmədovun qardaşına təzyiq edildiyini, müraciətin məcburi şəkildə etdirildiyi bildirilib.

Müdafiə Nazirliyindən isə Meydan TV-yə ikinci videodan xəbərsiz olduqlarını, araşdıracaqlarını deyiblər.

Ötən həftədən başlayaraq Azərbaycan-Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib.

Rəsmi açıqlamalara görə, Azərbaycan döyüşlərdə 77, Ermənistan isə 135 hərbi qulluqçusunu itirib.

Atəşkəsin pozulmasına görə Ermənistan Azərbaycanı günahlandırır. Azərbaycan isə məsuliyyəti Ermənistanın daşıdığını açıqlayıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.