Prokurorluq müşahidəçilərə qarşı zorakılığı görmür

Prokurorluq müşahidəçilərə qarşı zorakılığı görmür

15-02-2020 21:52 / Bu xəbər 946 dəfə oxundu

Seçkilər zamanı səsvermə və səslərin hesablanması prosedurları ilə bağlı pozuntulara yuxarı seçki komissiyaları - Dairə Seçki komissiyalarında və MSK-da baxılmalıdır. 

Seçki məntəqələrində zorakılıq faktlarına gəlincə, bunları hüquq- mühafizə orqanları araşdırmalıdır. Bu fikri media hüququ sahəsində ekspert Xalid Ağaliyev Turan-a müsahibəsində söyləyib.

Xüsusilə, əgər seçki məntəqəsində seçicilərə, müşahidəçilərə, komissiya üzvlərinə, o cümlədən məşvərətçi səslə komissiya üzvlərinə  qarşı zorakılıq hərəkətləri baş veribsə bu faktlar KİV-də, İnternetdə yayılıbsa prokurorluq onları araşdırmalı, cinayət əlamətləri varsa cinayət işlərinə başlamalıdır.

Hətta bu faktlar açıqlanmasa belə, qanunvericiliyə uyğun olaraq seçki komissiyalarının üzvləri zorakılıq hallarını sənədləşdirməli və toplanmış materialları MSK və hüquq-mühafizə orqanlarına göndərməlidirlər.

Çoxsaylı fiziki təzyiq halları,  bəzən isə müşahidəçilərə qarşı birbaşa açıq qəsd halları ilə əlaqədar hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi təəccüb doğurur, ekspert bildirib.

Belə ki, 76 saylı Lənkəran-Astara dairəsində müşahidəçiyə qarşı görünməmiş təzyiq hadisəsi baş verib. Naməlum statuslu bir qadın güləşçi üsulu ilə yerə yıxılaraq məşvərətçi səslə komissiya üzvü  Jalə Bayramovanı boğmağa başlayıb. Güləşçi fiquralı qadın bunu elə bir qəzəb və amansızlıqla edirdi ki, hətta üç kişi qurbanı təcavüzkarın əlindən ala bilmədi. Nəticədə qız beyin sarsıntısı keçirib  və başqa xəsarətlər alıb.


4 jurnalistin Bakı prokurorluğuna çağrılmasına və fevralın 11-də MSK-nın qarşısında etiraz mitinqinin işıqlandırılmasına görə onlara xəbərdarlıq edilməsinə toxunan X. Ağalıyev bu addımı "gülünc” adlandırıb.

Baxmayaraq ki, qanun prokurorluğa xəbərdarlıq etmək səlahiyyətini verir, ancaq indiki halda 4 gənc jurnalistin polisə müqavimət göstərməkdə ittiham olunması absurddur. "İctimaiyyət baş verənlərin hamısını on-line rejimdə izlədi və hər kəs gördü ki, zorakılığa məruz qalanlar həm aksiya iştirakçıları, həm də jurnalistlərdir. Polisin səlahiyyət həddini aşmasının və jurnalistlərin peşə fəaliyyətinə mane olmasının araşdırılmasının əvəzinə prokurorluq qurbanları cəzalandırmağa qərar verdi”, - o vurğulayıb.