Protaseviçin atası oğlunun təzyiq altında danışdırıldığını deyir

Protaseviçin atası oğlunun təzyiq altında danışdırıldığını deyir

04-06-2021 18:00 / Bu xəbər 909 dəfə oxundu

NEXTA teleqram-kanalının yaradıcısı Roman Protaseviçin atası Dmitri oğlunun Belarusun ONT kanalına verdiyi müsahibədə zorla "etiraflar" etməyə məcbur edildiyini bəyan edib. 

Bu barədə "Svoboda.org"-un verdiyi məlumatda bildirilir. 

Dmitri Protaseviç bir valideyn kimi baş verənlərə baxmağın onun üçün çox ağır olduğunu deyib və bunu "kabus" adlandırıb. Onun sözlərinə görə, oğlunun ömründə danışmayacağı sözləri danışmağa məcbur edilməsi üzündən aydın görünüb. 

"Mən əminəm ki, bu, onun KQB təcridxanasında bir həftə ərzində məruz qaldığı işgəncə və təhqirlərin nəticəsidir. Onu əvvəlcə boğmağa çalışıblar, döyüblər, indi qandalların izləri aydın görünür. Onu qorxudublar", - deyə Dmitri Protaseviç vurğulayıb. 

O həmçinin qeyd edib ki, oğluna psixotrop maddələr verə, öldürməklə qorxuda və ya rəfiqəsi ilə təhdid edə bilərlər. Ata oğlunun fiziki və psixoloji şiddətə məruz qaldığına inanır. 

Bir müddət əvvəl Afinadan Vilnüsə səyahət edərkən Minskdə məcburən yerə endirilən təyyarədə həbs olunan Roman Protaseviç Belarusun ONT kanalına müsahibəsində bəzi "etiraflar" edib və kamera qarşısında ağlayıb. 

Müsahibə zamanı R. Protaseviç ölkədə kütləvi etirazlar təşkil etməyə çalışmasından, NEXTA kanalının kimlər tərəfindən maliyyələşməsindən, Belarus müxalifətinə kimlərin sponsorluq etməsindən və prezident Aleksandr Lukaşenkoya necə hörmət etməsindən danışıb. Yaxınların onun təzyiq və qorxu altında danışmağa məcbur edildiyini bildirirlər.