Psixoloq Mübariz İbrahimova görə məhkum edildi

Psixoloq Mübariz İbrahimova görə məhkum edildi

23-10-2019 14:40 / Bu xəbər 1324 dəfə oxundu

Psixoloq Nərmin Şahmarzadə Milli Qəhrəman Mübariz İbrahimov haqqında Facebook səhifəsində yazdığı fikirlərə görə məhkum edilib. 

Oktyabrın 23-də Xətai rayon Məhkəməsində hakim Cavid Hüseyn bu barədə hökm çıxarıb. 

Hökmə əsasən, N.Şahmarzadə CM-in 148-ci maddəsiylə - M.İbrahimovun şərəfini ləkələməkdə, onu təhqir etməkdə təqsirli bilinib. Bu maddə ilə ona 400 saat ictimai işlər cəzası verilib.

Nərminin cəzalandırılması tələbiylə məhkəmənin qarşısına toplaşanların bir qismi hökmdən narazı qalıb. Onlar cəzanın adekvat olmadığını iddia edərək psixoloqun həbsini tələb ediblər.

N.Şahmarzadə Milli Qəhrəmanın anası Şamama İbrahimovanın xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ş.İbrahimovanın vəkili Ramil Rüstəmov bildirib ki, onunla məsləhətləşəndən sonra hökmdən şikayət verib-verməmək məsələsi qətiləşəcək.

N.Şahmarzadə isə hökmü əsassız və ədalətsiz sayır. O, AzadlıqRadiosuna hökmdən apellyasiya şikayəti verəcəyini bildirib.

Hökmdən narazı qalanlar

Ekspert rəyində N.Şahmarzadənin statuslarında yazdığı «...öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu qəddarlıqdır» və «...Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman» cümlələri M.İbrahimovun «şərəfini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumatlar» kimi qiymətləndirilib.

N.Şahmarzadə ötən il dekabrın 5-də yazdığı statusdan bir neçə gün sonra Facebook profilində canlı yayımda Milli Qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib.

Məhkəməyə N.Şahmarzadənin həbsi tələbiylə üç nəfər - Fövqəladə Hallar Nazirliyinin mayoru Araz Musayev, vəkil Ramil Rüstəmov və Şamama İbrahimova müraciət etsə də, onlardan ancaq Milli Qəhrəmanın anasının şikayəti icraata götürülüb. R.Rüstəmov hazırda bu işdə Ş.İbrahimovanın nümayəndəsi və vəkili kimi iştirak edir.

Azərbaycan Silahlı Qüvvələrinin giziri M.İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub.

22-yaşlı gizirin meyiti ermənilər tərəfindən götürülüb və yalnız noyabrın 6-da geri qaytarılıb.///azadlıq.org