Pul futbola qarşı

Pul futbola qarşı

28-06-2023 00:20 / Bu xəbər 3337 dəfə oxundu

Səuidiyyə Ərəbistanına üz tutan futbolçuları sayı getdikcə artır

Turan Muxtar

Son bir neçə ayda Səudiyyə Ərəbistanı klublarıAvropa çempionatlarında çıxış edən bəzi futbolçuları transfer ediblər. Özü də, kifayət qədər tanınan futbolçuları. Ərəblər hazırda transfer bazarında o qədər aktivdirlər ki, bu gedişlə, futbolun coğrafiyasının dəyişə biləcəyi ehtimalı getdikcə güclənir.

Ronaldo ilə başlayan axın

Hər şey Portuqaliya milli komandasının hücumçusu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının "Əl Nəsr” klubuna keçidi ilə başladı. Ötən ilin son günlərində Ronaldonun "Əl Nəsr”ə keçidi dünya mediasının gündəminə çevrilmişdi. İngiltərənin "Mançester Yunayted” klubundan ayrılan futbolçunun karyerasını Avropa klublarından birində davam etdirəcəyi gözlənilsə də, o, ərəblərlə anlaşdı. 38 yaşlı Ronaldonun "Əl Nəsr”də illik qazancının nə qədər olacağı rəsmi olaraq açıqlanmasa da, söyləntilərə görə, bu, kifayət qədər böyük məbləğdir. Onun Səudiyyə Ərəbistanında sponsor gəlirləri ilə birlikdə illik 200 milyon avro qazanacağı deyilirdi.

Messi də gedə bilərdi

Ronaldodan sonra dünya futbolunun daha bir məşhur simasının – Lionel Messinin də Səudiyyə Ərəbistanı çempionatına üz tutacağı gözlənilirdi. Argentinalı hücumçunu heyətinə qatmağa çalışan "Əl İttihad” klubu idi. Xarici media "Əl İttihad”ın Messiyə illik 400 milyon avro qazanacağı müqavilə təklif etdiyini yazırdı. Amma Fransanın PSJ klubu ilə müqaviləsi başa çatan 36 yaşlı futbolçu Səudiyyə Ərəbistanına getmək istəmədi. O, ABŞ-ın "İnter Mayami” klubu ilə müqavilə bağladı.

Benzema və başqaları

Səudiyyə Ərəbistanı klubları Ronaldonun bu ölkəyə gedişindən sonra dayanmadılar. İspaniyanın "Real” klubu ilə yollarını ayıran fransalı hücumçu Kərim Benzema "Əl İttihad”a keçdi. Daha bir fransalı futbolçu, Nqolo Kante də Benzemanın yanına – "Əl İttihad”a üz tutdu. Xalidu Kulibali, Ruben Neves, Paulinyo kimi futbolçular da hazırda Səudiyyə Ərəbistanı çempionatında çıxış edən komandaların formalarını geyinirlər. Hansılar ki, bu futbolçular Avropa futbolunda kifayət qədər tanınırlar, sanballı karyeraya sahibdirlər.

Hər gün çıxan yeni xəbərlər göstərir ki, Səudiyyə Ərəbistanı klubları dayanmaq fikrində deyillər. Onlar pulun yaratdığı böyük imkanlardan istifadə edərək, Avropa klublarında forma geyinən başqa futbolçuları da transfer etməyə çalışırlar. Məsələn, son xəbərlərə inansaq, "Çelsi”nin hücumçusu Romelu Lukaku, yarımmüdafiəçisi Hakim Ziyeş, "Mançester Siti”nin futbolçusu Bernardo Silva da Səudiyyə Ərəbistanından sərfəli təklif alıb.

Ərəblər təkcə futbolçularla da kifayətlənmir. "Əl Hilal” İtaliyanın "Yuventus” klubunun baş məşqçisi Massimiliano Alleqriyə bir neçə dəfə təklif göndərib. Yenə də, xarici mediada yayılan xəbərlərə inansaq, ərəblər italiyalı baş məşqçiyə "Yuventus”da qazandığından iki-üç dəfə çox pul təklif edib. Amma hələ ki, Alleqri bu təklifi qəbul etməyib, Turin klubunda işinə davam edir.

Keçmiş futbolçunun "üsyan”ı

Səudiyyə Ərəbistanı klublarının Avropada forma geyinən oyunçuları trasfer etməsinə "köhnə qitə”də münasibət birmənalı deyil. Məsələn, İngiltərə millisinin və "Liverpul”un keçmiş futbolçusu Cimi Karrager ərəblərin Avropada forma geyinən oyunçuları transfer etməsinə qarşı çıxıb. Xüsusən də, keçmiş müdafiəçini özündən çıxaran "Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanın Səudiyyə Ərəbistanı klublarından birinə keçməyə yaxın olması ilə bağlı yayılan məlumatlar olub.

Karrager bununla bağlı narazılığını özünün "tvitter” hesabındakı paylaşımında bildirib:

"Bernardo Silva karyerasının zirvəsindədir və son beş ildə Avropanın ən yaxşı oyunçularından biridir! Səudiyyə Ərəbistanı klubları 30 yaşdan yuxarı oyunçuları alanda narahat olmadım. Ən yüksək səviyyədə olmayan (Ruben Neves) futbolçuların transferinə görə bir az narahat oldum. Amma bu (Bernardo Silvanın transferi) baş verərsə, o zaman oyunun qaydalarını dəyişəcək.

Səudiyyə Ərəbistanı qolf, böyük boks yarışlarını ələ keçirdi, indi də futbolu ələ keçirmək istəyir. Buna son qoyulmalıdır!”

Avropalıların narahatlığına və narazılığına baxmayaraq, Səudiyyə Ərəbistanı klublarının "köhnə qitə”dən futbolçuları "oğurlamağ”a davam edəcəyini əminliklə söyləmək olar. Pul varsa, bu, tendensiyanın da davam edəcəyi deməkdir. Pul isə hamıya lazımdır. Hətta Avropada özünə kifayət qədər yaxşı karyera quran tanınmış futbolçulara da. Baxmayaraq ki, Səudiyyə Ərəbistanına üz tutmaq istənilən futbolçu üçün populyarlığını itirməsi, geniş auditoriyadan məhrum olması deməkdir.

Avropa klublarından Səudiyyə Ərəbistanı komandalarına keçən futbolçular

Kriştiano Ronaldo ("Mançester Yunayted”dən sonra "Əl Nəsr”)
Kərim Benzema ("Real”dan sonra "Əl İttihad”)
Xalidu Kulibali ("Çelsi”dən sonra "Əl Hilal”)
Nqolo Kante ("Çelsi”dən sonra "Əl İttihad”)
Ruben Neves ("Vulverhempton”dan sonra "ƏlHilal”)
Paulinyo ("Quançjou Everqrand”dan sonra "ƏlƏhli”) 

Mənbə: Meydan TV