Putin Bakıya gəldi, İlham Əliyevlə görüşdü
19-08-2024 00:52 / Bu xəbər 598 dəfə oxundu
Kreml səfərin planlarını açıqlayıb
Avqustun 18-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfərə gəlib.
Onu Bakı Hava Limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Rusiya liderinin Bakı səfərinin planları barədə Kreml də məlumat yayıb.
Bildirilir ki, Putinin əsas rəsmi və işgüzar tədbirləri avqustun 19-na təyin edilib: "O, Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini, beynəlxalq və regional gündəlikdəki aktual məsələləri müzakirə edəcək”.
Qeyd olunur ki, Rusiyanın dövlət başçısı eks-prezident Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək: "Vladimir Putin İlham Əliyevlə "Zaqulba”dakı iqamətgahında görüşəcək. Onlar əvvəlcə dar tərkibdə görüşəcək, sonra isə danışıqlar geniş tərkibdə davam etdiriləcək. Danışıqların iki raundu nəticəsində liderlərin birgə bəyanatı qəbul ediləcək, bir sıra hökumətlərarası və digər sənədlər imzalanacaq. Ardınca Putin və Əliyev mediaya danışıqların nəticələri barədə məlumat verəcəklər”.
"Bununla belə, Putinin Azərbaycana səfər proqramı bununla bitməyəcək. Liderlər birlikdə "Ağ şəhər” ərazisini gəzəcək, daha sonra Müqəddəs Mirra Daşıyan Qadınlar Katedralini ziyarət edəcəklər. Səfərin başa çatması münasibətilə Əliyev rusiyalı qonağın şərəfinə dövlət ziyafəti verəcək”, – deyə məlumatda qeyd olunub.
"AzərTAC"ın yazdığına görə, artıq Bakıda olan Vladimir Putini elə axşam saatlarında Prezident İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva evlərində qarşılayıblar və birgə şam ediblər.
Onun Bakıya səfəri Ukrayna mediasında da birmənalı qarşılanmayıb.
V.Putinin Azərbaycana sonuncu səfəri 2018-ci ilin sentyabrında baş tutmuşdu.
2022-ci ilin 22 fevralında Moskavada Azərbaycanın Prezidenti İlham Əliyevlə Rusiyanın Prezidenti Vladimir Putin arasında "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.